SİYASƏT
Elman Cəfərli: Xalqımız Dağlıq Qarabağın düşmən işğalından azad ediləcəyinə əmindir
Naxçıvan, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun bütün cəbhə xətti boyu qətiyyətli və qarşısıalınmaz zəfər yürüşü, döyüşlərin elə ilk günündə 7 kəndimizin düşmən tapdağından azad edilməsi, düşmənin onlarla müxtəlif təyinatlı hərbi texnikasının, 550-dən artıq canlı qüvvəsinin sıradan çıxarılması, Murovdağdakı ən yüksək zirvəni, eləcə də Talış kəndi ətrafındakı mühüm yüksəklikləri azad etməsi sübut edir ki, Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrimizin Ali Baş Komandanın qarşıya qoyduğu taleyüklü vəzifəni – torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünü təmin etmək vəzifəsini böyük ruh yüksəkliyi və qələbə əzmi ilə həyata keçirir.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli səsləndirib. O vurğulayıb ki, bu ruh yüksəkliyi Azərbaycan cəmiyyətinə dərindən sirayət edib: “Bu gün Azərbaycan vətəndaşı qələbə sevinci ilə yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti, qismən səfərbərlik haqqında verdiyi Sərəncam xalqımız tərəfindən bütün cəmiyyətin Böyük Vətən müharibəsi kimi qəbul etdiyi hazırkı müharibədə qazanacağımız qələbənin ilk müjdələri kimi qəbul olunur. Bu gün bütün xalqımız dövlət başçısının ətrafında yekdil və sıx şəkildə birləşib. Bu gün hər bir Azərbaycan vətəndaşı qəhrəman Azərbaycan zabitlərinə və əsgərlərinə sonsuz sevgi və inam bəsləməklə yanaşı, həm də müsəlləh əsgər kimi ön cəbhədə, düşmən üzərinə hücuma atılmağa hər an hazırdır!”.
Elman Cəfərli deyib: “Haqq, ədalət və hüquq bizimlədir! 30 ilə yaxındır ki, mənfur düşmən tərəfindən pozulmuş ərazi bütövlüyümüzün bərpasında beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir. Bu baxımdan Milli Ordumuz öz uğurlu əməliyyatları ilə bir tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imza atır, digər tərəfdən münaqişə ilə bağlı beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərə uyğun hərəkət etməklə, beynəlxalq hüquq normalarının icrasını təmin edir. Başqa sözlə, cinayətkar və işğalçı erməni ordusundan fərqli olaraq, Azərbaycan Ordusu geniş mənada hüquq və ədalətin bərpası uğrunda döyüşür! Şübhəsiz ki, bu hüquq və ədalət ilk növbədə Azərbaycan xalqının itirilmiş haqqının, ədalətin bərpası ilə bağlıdır. Bugünkü mübarizəmizin də müqəddəsliyi məhz bundadır!”.
Tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, sentyabrın 27-si və 28-də Azərbaycan Ordusu qarşısında aciz qalan düşmənin məhz daha çox mülki əhalinin yaşadığı məntəqələrə, onların təsərrüfatına, infrastruktur obyektlərinə atəş açması onun mənfur xislətini bir daha göstərir. Eyni zamanda, onun müzəffər Azərbaycan Ordusu ilə birbaşa döyüşə girməkdən çəkindiyini göstərir.
Bu gün bütün Azərbaycan xalqının Ali Baş Komandanın liderliyində bir yumruq kimi birləşdiyini söyləyən Elman Cəfərli deyib: “Xalqımız ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə, Dağlıq Qarabağın düşmən işğalından xilas olunacağına əmindir! Eşq olsun müzəffər Ali Baş Komandanımıza! Yaşasın, Böyük Vətən müharibəsinin şanlı qələbəsinə doğru inamla yürüyən Azərbaycan Ordusu!”.