SİYASƏT


Elman Nəsirov: Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışı Ermənistanın baş nazirinə vurulan növbəti tərs sillə oldu

Bakı, 12 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin, qətiyyətli mövqeyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına səbirlə dözərək yerində, məqamında, daha uyğun məkanda cavab verməyi üstün tutur. Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasından sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Ermənistana və bu ölkənin baş naziri Nikol Paşinyana növbəti tərs sillə oldu. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan Prezident yüksək tribunadan cəbhə üçün çox zəruri olan yanacağın çox hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla danışan Prezident bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüflə iclas iştirakçılarının diqqətinə çatdırdı.

Prezident vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə abidə ucaldıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək 2011-2015-ci illərdə hazırlanmış ensiklopediyadan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, Müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını qeyd edən Azərbaycan Prezidenti çox uğurlu siyasi gediş etdi. Azərbaycan lideri bununla da Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Prezident İlham Əliyev isə lazımi yerdə, lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunadan səsləndirir və bunları tarixi faktlarla təsdiqləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.