SİYASƏT


Elman Nəsirov: Azərbaycan dövlətinin koronavirusla mübarizədə atdığı addımlar kifayət qədər səmərəli və uğurludur

Bakı, 26 mart, Səadət Hakıyeva, AZƏRTAC

Dünyada bir kabus dolaşmaqdadır və o kabusun adı koronavirusdur. XXI əsrin bəlasına çevrilən koronavirus (COVID-19) artıq 3 aydır ki, bəşəriyyəti vahiməyə salıb. Bu virus dünyanın 150-dən çox ölkəsini cənginə alıb. Hər gün minlərlə insan xəstəlikdən həyatını itirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də bu virusun təsir imkanlarını məhz pandemiya kimi müəyyən edib və “SOS” siqnalı verib. Dünya virusa qarşı mübarizə aparır. Bu müqavimətin səmərəlilik əmsalı müxtəlif dövlətlərdə fərqli mənzərəni üzə çıxarır. Hətta dünyanın ən güclü dövlətləri belə onun qarşısında böyük itkilər verməkdən sığortalanmayıb. Çin, İran, İtaliya, Fransa, İspaniya, ABŞ və digər nəhəng dövlətlərin üzləşdikləri acı reallıqlar belə qənaətə gəlməyə əsas verir. O ölkələr ki, koronavirusa qarşı mübarizədə preventiv, profilaktik, operativ, sistemli və ardıcıl mübarizə siyasətini müəyyən edib, onun yayılması prosesini nəzarət altına ala bildilər, təbii ki, itkilər minimuma enmiş oldu. Həmin ölkələrdən biri də məhz Azərbaycandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımları kifayət qədər səmərəli və uğurlu adlandıran deputat deyib: “Azərbaycan hökuməti bu ciddi məsələyə vaxtında reaksiya verdi. Azərbaycan Prezidentinin göstərişi əsasında dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara müntəzəm olaraq məlumatlar verilir. Məlumatlandırma insanlar arasında çaşqınlıq hallarının qarşısını almış olur. Ölkəmizin uğurunu şərtləndirən amillərdən biri də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə yeni formatda münasibətlərin qurulmasıdır. Bu qurumun nümayəndələri mart ayında ölkəmizdə səfərdə oldular və hökumətimizin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdilər”.

Deputat diqqətə çatdırıb ki, pandemiyanın geniş yayıldığı ölkələrin olduqca acı təcrübəsi ölkəmizi bir sıra mühüm addımlar atmağa vadar edib. Belə ki, ölkəmizin quru sərhədləri vaxtında bağlanıb, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün əməli addımlar atılıb. Bu günədək təxminən on min Azərbaycan vətəndaşı ölkəmizə qaytarılıb və bu proses davam edir.

Elman Nəsirov bildirib ki, mart ayının 3-dən etibarən Azərbaycanda uşaq bağçaları, orta məktəblər və ali məktəblərdə tədrisin dayandırılması, kütləvi mədəni tədbirlərin qadağan olunması virusla mübarizədə həyata keçirilən əməli işlərdəndir. Martın 14-dən isə xüsusi davranış qaydaları tətbiq olunub. Qısa müddətdə 4 laboratoriya alınıb və hazırda onların sayı 10-a çatıb. Bakıda və bölgələrdə 10 xəstəxana xüsusi rejimdə işləyir. Elektron vizaların verilməsi dayandırılıb. Martın 10-da virusa yoluxmuş xəstələrin müalicəsi üçün 10 milyon manat vəsait ayrılıb. Martın 19-da isə Prezidentin ehtiyat fondundan daha 20 milyon vəsait köçürülüb.

Koronavirus pandemiyasına qarşı mübarizə və sahibkarlara dəstək üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabinetinə bir milyard manat vəsaitin ayrıldığını qeyd edən E.Nəsirov deyib: “Dövlətimiz bununla sahibkarlara öz dəstəyini nümayiş etdirdi. Dövlətimizin başçısı, eyni zamanda, sahibkarlara çağırış edərək bildirdi ki, onlar vəziyyətdən istifadə edərək işçiləri ixtisar etməsinlər. Prezident İlham Əliyev həmin vəsaitin necə xərclənəcəyi barədə vətəndaşlara müntəzəm olaraq məlumat veriləcəyini diqqətə çatdırdı. Dövlətimizin başçısı, həmçinin məşğulluq məsələlərinin vacibliyini və makroiqtisadi sabitliyin əhəmiyyətini vurğuladı”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin planetar xarakterli pandemiyaya qarşı mübarizə prosesində atdığı mühüm addımlardan biri də Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması oldu. Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nümunə göstərərək Fonda bir illik əməkhaqlarını Fonda ianə etdiklərini vurğulayan YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi vurğulayıb ki, dövlətin rəhbərliyinin bu nəcib addımı ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Onun sözlərinə görə, müxtəlif təşkilatlar, qurumlar, sahibkarlıq subyektləri, ictimaiyyət nümayəndələri və ziyalılar bu prosesə fəal şəkildə qoşulublar. “Hakim Yeni Azərbaycan Partiyası da bu işdə öncül mövqedədir. Milli Məclisin rəhbərliyi və deputatları da bu prosesdə fəal vətəndaş mövqeyi nümayiş etdirməkdədirlər. Mən özüm də maaşımın yarıdan çoxunu Fonda ianə etmişəm. Qısa müddətdə Fondda artıq 60 milyon manat vəsait yığılması xalqımızın nəcibliyindən, həmrəyliyindən xəbər verir. Azərbaycan Prezidentinin də dediyi kimi, bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik”, - deyə o əlavə edib.

E.Nəsirov bildirib ki, martın 19-da Prezident tərəfindən imzalanan iki mühüm Sərəncamla koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq əməkhaqlarına vəzifə maaşlarının 3-5 misli miqdarında müddətli əlavə müəyyən edildi, habelə pandemiyanın və ondan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, ölkəmizdəki makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması məqsədilə bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün vəsait ayrıldı.

Deputat bildirib ki, dövlətimizin həyata keçirdiyi tədbirlər lazımi nəticələri o vaxt verə bilər ki, vətəndaş məsuliyyəti yüksək səviyyədə olsun. Bu günlərdə dövlət-vətəndaş birliyi özünü daha çox göstərir. Həmrəyliyimiz, birliyimiz və məsuliyyətimiz bizim nicat yolumuzdur. Biz bu bəlaya da az itkilərlə qalib gələcəyik. Bunun üçün xalq-hakimiyyət birliyini göz bəbəyi kimi qorumalıyıq. Bu birlik Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı üçün hava-su kimi vacibdir. Düşmənin qarşısında qarşılıqlı anlaşma, şəfqət, qayğı bizi güclü, biganəlik, laqeyidlik məsuliyyətsizlik isə gücsüz edir.

Sonda deputat Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə xarakterli fikirlərini sitat gətirərək deyib: “Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.