İQTİSADİYYAT
Elman Nəsirov: “Azərişıq” Şuşanı cəmi 37 gündə elektrik enerjisi ilə təmin edib
Bakı, 2 iyun, AZƏRTAC
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi irəli sürüb. Məsələyə bu kontekstdə yanaşdıqda söyləmək istərdim ki, bu günlərin ən yaddaqalan tarixi hadisələrindən biri işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinin elektrik enerjisi ilə tam təchiz olunması məsələsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O deyib ki, “Azərişıq” ASC keçmiş SSRİ ölkələri arasında ilkə imza atıb: “Həm də bu məsələnin özəlliyi onunla bağlıdır ki, postsovet məkanında ilk dəfədir ki, “Azərişıq” ağıllı şəbəkə konsepsiyası çərçivəsində izolyasiyalı kabel sistemi tətbiq edir. Bu sistemin özəlliyi ondan ibarətdir ki, indiki halda isə məhz Qarabağda - işğaldan azad olunmuş ərazilərimizdə, məhz Suqovuşanda, Talışlı kəndinə münasibətdə biz yeni innovativ yanaşmanı görürük. Bu isə nəticə etibarı ilə ona gətirib çıxaracaq ki, hətta qeyri-sabit hava şəraitində belə əhalinin elektrik enerjisi ilə təminatı ən yüksək səviyyədə həyata keçiriləcək. Ən başlıcası minlərlə hektar ərazilərin kənd təsərrüfatı məqsədi üçün istifadəsinə şərait yaradacaq. Ənənəvi elektrik enerjisi ilə təminat məsələlərində yüksək kilovoltluq xətlərin olduğu ərazilərdə 30 metrlik xüsusi zolaq yaradılırdı. Amma indiki halda buna ehtiyac olmur. Bu proses də minimuma enmiş olur və nəticədə bir daha qeyd edirəm ki, postsovet məkanında ilk dəfədir məhz Suqovuşan qəsəbəsində beləcə izolyasiyalı kabel sistemi tətbiq olunur. Hesab edirəm bunun da çox böyük mənası və əhəmiyyəti var”.
Deputat qeyd edib ki, hələ müharibənin getdiyi dövrdə “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik təminatı həyata keçirilib. Bunun ardınca Hadruta elektrik xətti çəkilib və Füzulidən, Şükürbəyli stansiyasından Hadruta ikidövrəli xətlər çəkilib.
“Bilirsiniz ki, ən mühüm istiqamət Hadrutdan Çanaqçıya, oradan isə Daşaltıya qədər xəttin çəkilməsidir. Sonra isə Şuşanın tam elektrik enerjisi ilə təminatı məsələsidir. Biz 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbəyə imza atdıq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın isə elektrik enerjisi ilə təminatı cəmi 37 gün ərzində həll olundu. Hesab edirəm bu tarixi hadisədir”, - deyə E.Nəsirov vurğulayıb.