REGİONLAR
Elman Nəsirov: Bu cür festivallar Azərbaycan nemətlərinin tanıdılması baxımından çox mühüm rol oynayır
Göyçay, 3 noyabr, AZƏRTAC
Göyçayda keçirilən ənənəvi Nar festivallarına xarici turistlər arasında da maraq çoxalmaqdadır. Hər nar bayramında rayona gələn turistlərin sayı artır. Eyni zamanda, bu tədbirə müxtəlif xarici ölkə səfirliklərinin nümayəndələri də qatılıblar.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, ermənilər həmişə Azərbaycanın maddi və mənəvi nemətlərinə yiyələnməyə çalışıblar: “Dünya ictimaiyyəti bu festivallar vasitəsilə Azərbaycanın hansı sərvətlərə sahib olduğunu görür. Narın vətəninin Göyçay olduğunu bu festival vasitəsi ilə dünyaya sübut edirik”.
Elman Nəsirov, həmçinin vurğulayıb ki, nar bayramı ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdiyini təsdiqləyir: “Bu festival dövlətin aqrar sahəyə diqqətindən xəbər verir. Son doqquz ayın yekunları da göstərir ki, kənd təsərrüfatında artım 4,3 faiz təşkil edib. Əlbəttə ki, burada narçılığın da öz payı var. Bununla yanaşı, Göyçay narı “Made in Azerbaijan” brendi altında ixrac olunur və xarici bazarlarda bəyənilir. Bir sözlə, bu cür festivallar Azərbaycan nemətlərinin tanıdılması baxımından çox mühüm rol oynayır”.