CƏMİYYƏT


Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var

Bakı, 6 dekabr, AZƏRTAC 

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri və YAP-ı təmsil edən deputatlar Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə cavab verərək ağacəkmə aksiyasında iştirak edirlər. Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.

Elman Nəsirov qeyd edib ki, bu aksiya İmadəddin Nəsiminin xatirəsinə böyük ehtiramdır. Bu gün dahi şairimiz Nəsiminin ruhu şad olur. Aksiyanın digər əhəmiyyəti minlərlə insanı mənəvi-psixoloji cəhətdən birləşdirməsində, onların bir-birinə dəstək verməsindədir. Hamı bu aksiyada xoş əhval-ruhiyyə ilə iştirak edir. Aksiyanın ekoloji və sağlamlıq baxımından da əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. İndi səhra kimi görünən bu ərazi bir müddət sonra yaşıllığa çevriləcək. Bilirsiniz ki, yaşıllıq da təbiətin ağciyəridir.

Deputat, həmçinin bildirib ki, İmadəddin Nəsiminin dünya səviyyəsində tanıdılması istiqamətində ilk addımı ulu öndər Heydər Əliyev atıb. Ümummilli Liderin təşəbbüsü ilə şairin irsinin ölkəmizdə sistemli şəkildə tədqiqi və təbliği onun anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf edib. 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmalar aparılıb.

Azərbaycanı ekoloji cəhətdən təmiz və yaşıl görmək istəyən Heydər Əliyev deyirdi: “Kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.