SİYASƏT


Elman Nəsirov: Xalqımız gələcəyə inamla baxır

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı müharibəyəqədərki, müharibə və postmüharibə dövrünün bir sıra mühüm məsələlərinə toxunaraq, strateji əhəmiyyətli fikirlər səsləndirib. Bu səfər xüsusilə iki mühüm məqamı baxımından əlahiddə məna və əhəmiyyət kəsb edib. Birincisi, bu səfər 26 İyun-Silahlı Qüvvələr Günündə baş tutub. Milli Ordumuzun 104-cü ildönümü günündə gerçəkləşib. İkincisi, Kəlbəcərdə yüksək döyüş qabiliyyətli komando hərbi hissəsinin açılması ilə yadda qalmışdır. Xatırladaq ki, birinci analoji komando hərbi hissəsi ötən il dekabrın 24-də Hadrutda açılıb. Bu o deməkdir ki, ordu quruculuğu məsələləri postmüharibə dövrü reallığında da özünün prioritetliyini qoruyub saxlamaqdadır. Bu da səbəbsiz deyildir, çünki beynəlxalq hüquq norma və prinsipləri işləmir. “Güclüsən, haqlısan” prinsipi beynəlxalq siyasətdə dominantlıq təşkil edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov qeyd edib ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdi,” - fikirləri gerçəkliyi ifadə edir və real həyatda tam təsdiqini tapır. Bəli, məhz güc faktoru tarixi Zəfərin əldə edilməsində müstəsna rol oynadı. Prezidentin vurğuladığı kimi, bunun üçün də ilk növbədə iqtisadi güc topladıq. İqtisadi müstəqilliyə nail olduq. Nəticədə güclü ordu formalaşdı. Əgər 2004-cü ildə müdafiə xərclərimiz 135 milyon dollar təşkil edirdisə, 2022-ci ilin büdcəsində bu göstərici 2,7 milyard dollar (4,5 milyard manat) müəyyən edilib. Cari ilin ilk 5 ayının artan iqtisadi göstəriciləri fonunda büdcəyə yenidən baxılması zərurəti yaranıb və yeni büdcə zərfində analoji göstərici 5,084,759,665 manata yüksəlib. Bu reallıq Ermənistandakı revanşist qüvvələrə ciddi ismarıcdır. İkinci Qarabağ müharibəsindən dərs alsınlar, əks halda tarixi Qələbəmizin rəmzi olan “Dəmir yumruq” yerindədir. Bunu heç zaman unutmasınlar. Bu xüsusda Prezident Ermənistan iqtidarına və revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi: “Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.

“Heç şübhəsiz, belə qəhrəman xalqa məhz Zəfər yaraşır. Bu Zəfərin müəlliflərindən bəhs edərkən Prezident gənclərin rolunu xüsusi olaraq qeyd etdi: “Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”. Həqiqətən də, qalib ordunun mütləq əksəriyyətini gənclər təşkil edir və onlar Vətənin azadlığı naminə canlarını fəda etməklə, Ali Baş Komandanın qeyd etdiyi kimi, “həm tarix qarşısında, həm əcdadlarımızın ruhu qarşısında, həm də gələcək nəsillər qarşısında tarixi missiyanı icra etmişdir”. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi sürətlə həyata keçirilməkdədir. Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfərləri bu həqiqəti bir daha təsdiqlədi. Bu, bir həqiqətdir ki, postmüharibə dövrünün ən mühüm məsələsi azad edilmiş torpaqlara soydaşlarımızın tarixi qayıdışını təmin etməkdir. Bu istiqamətdə ciddi işlər getməkdədir. Siyasi iradə, iqtisadi güc, maliyyə imkanları, insani resurslar və beynəlxalq tərəfdaşların varlığı bu strateji vəzifənin uğurlu icrasını təmin edə biləcək mühüm amillərdir. Bu komponentlər sırasında maliyyə imkanları məsələsinə xüsusi olaraq toxunaraq qeyd edək ki, son iki il ərzində sözügedən vəzifənin icrası üçün dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılıb. Yeri gəlmişkən, onu da vurğulayaq ki, cari ilin son beş ayının uğurlu iqtisadi nəticələrinin bilavasitə təsiri altında dövlət büdcəsində profisit qeydə alınmışdır və bu reallığa adekvat olaraq işğaldan azad olunan ərazilərin bərpası işinə cari il üçün əlavə olaraq 470 milyon manat (cəmisi 2milyard 670 min manat) vəsaitin ayrılması planlaşdırılır”, - deyə Milli Məclisin deputatı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha əyani olaraq sübut etdi ki, qarşıya qoyulan hədəflərə çatmaq yolunda intensiv işlər getməkdədir. Bütün infrastruktur layihələr uğurla icra olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcəkdir. Həmin 4 stansiya artıq işləyir, ümumi enerji gücümüzü artırır və bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir. Kəlbəcər şəhərinin Baş planı, habelə Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Baş plana əsasən, Zəngilan şəhəri və rayonu təbiətə sıx inteqrasiya olunmalı, park-şəhərə çevrilməlidir. Eyni məntiqlə Kəlbəcərin bərpası işləri geniş vüsət alıb. Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcərdə “İstisu” sanatoriyasının, “İstisu” mineral su zavodunun, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub. Laçın rayonunda həyata keçirilən strateji əhəmiyyətli layihə, heç şübhəsiz, eyniadlı beynəlxalq hava limanının tikintisidir. 2024-cü ildə hava limanının istifadəyə verilməsi planlaşdırılır. Nəticədə bölgənin turizm mərkəzinə çevrilməsi reallaşacaqdır.

Görülən işlərin miqyası olduqca genişdir. Prezident İlham Əliyevin təbirincə desək, “biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz”.

“Bir sözlə, Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış və viran qoyulmuş 10 min kvadrat kilometrlik ərazidə yeni həyat qurulur. Bu torpaqların əzəli və əbədi sahibləri böyük şövqlə qurmaq və yaratmaqla məşğuldurlar. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gedən nəhəng quruculuq işləri xalqımızın böyüklüyünün göstəricidir. O xalqımızın ki, tam etibar etdiyi rəhbəri-Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində sabitlik, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşayır, yaradır və gələcəyinə inamla baxır. Uca zirvələrə aparan gələcəyinə”, - deyə Elman Nəsirov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.