İQTİSADİYYAT
Elman Rüstəmov: Azərbaycan fenomeni bir çox maliyyə institutlarını maraqlandırır
İnkişaf dinamikasına görə, Azərbaycan iqtisadiyyatı olduqca maraqlıdır və bir çox maliyyə institutlarının diqqət mərkəzindədir. Bu institutları Azərbaycan fenomeni, ölkə iqtisadiyyatının sabit inkişafı maraqlandırır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda Xəzər Avropa Klubunun (Caspian European Club) təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Biznes forumda Azərbaycanda maliyyə-bank sektorunun sabit inkişafı, dünya bazarlarında əsas istiqamətlər və onların ölkənin bank sisteminə təsiri məsələləri müzakirə olunub.
Biznes-hakimiyyət dialoqunun təşkilinin zəruriliyini vurğulayan Mərkəzi Bankın sədri bildirib ki, bu cür görüşlər dövlət qurumları və özəl sektor arasında daha sıx əməkdaşlığın yaranmasına, nəticə etibarilə iqtisadi inkişafa yol açır. Azərbaycanda maliyyə-bank sisteminin inkişafından, bankların işindəki mövcud problemlərdən danışan Elman Rüstəmov maliyyə-bank sektorunda dövlət siyasətinin əsas məqamlarından bəhs edərək deyib: “Dövlət ölkədə tətbiq olunan iqtisadi strategiyanı, xüsusilə qeyri-neft sektorunu diqqətlə monitorinq edir. Məqsəd neft gəlirlərini iqtisadiyyatın qeyri-neft sahələrində ən effektli formada kapitallaşdırmaqdan ibarətdir”.
Biznes-forumda çıxış edən Klubun baş icraçı direktoru Telman Əliyev bildirib ki, Caspian European Clubun əsası Caspian Energy International Media Group və Xəzər – Qara dəniz regionlarında fəaliyyət göstərən bir sıra iri neft və qaz şirkətlərinin iştirakı ilə 2002-ci ilin iyun ayında qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev Caspian European Clubun sədridir.
İcraçı direktor qeyd edib ki, Caspian European Club yarandığı gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yatırılmasına vasitəçilik edir. Dünyanın 50 ölkəsini və 5 mindən artıq şirkət və təşkilatı öz sıralarında birləşdirən Klub dövlət qurumları ilə özəl sektor arasında dialoqun yaranması istiqamətində fəal iş aparır.
T.Əliyev gələn ay Tbilisidə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Xəzər Enerji Forumu barədə də məlumat verərək bildirib ki, bu forumda neft-qaz sahəsinin inkişafı, enerji və ekologiya məsələləri müzakirə olunacaq. Tədbir çərçivəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək.
Tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmova Caspian European Clubun fəxri üzv sertifikatı təqdim olundu. Eyni zamanda, Caspian European Cluba yenicə qoşulan şirkətlərə də sertifikat verildi.