İDMAN
Elmar Baxşıyev: Azarkeşlərimiz qarşısında yaxşı oyun nümayiş etdirmək istəyirik
Bakı, 27 iyul, AZƏRTAC
Azarkeşlərimiz qarşısında yaxşı oyun nümayiş etdirmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın “Fehervar” komandasını qəbul edəcək “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qeyd edib ki, ilk oyunda uduzsaq da, sabahkı cavab qarşılaşmasına hazırıq. Səfər matçında komandamın göstərdiyi futboldan razı qaldım. Futbolçumuz İlkin Qırtımovun zədələnməsi də komandamıza təsir etdi. Əsas oyunçularımızdan birinin meydanı tərk etməsi oyun planımızda balansı pozdu.
“Fehervar” keyfiyyətli və yaxşı oynayan futbolçulardan ibarət komandadır. Heyətimiz turnir öncəsi də çox geniş deyildi. Zədəli İlkin Qırtımovun vəziyyəti isə sual altındadır. Son məşqimizdən sonra müsbət qərar qəbul edəcəyimizə ümidvarıq”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. İlk oyunda “Qəbələ” rəqibinə 1:4 hesabı ilə məğlub olub.