CƏMİYYƏT
Elmar Məmmədov: Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı
Bakı, 15 iyun, AZƏRTAC
Xalqımız Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə özbaşınalığın, xaosun baş alıb getdiyi, vətəndaş müharibəsinin və azadlığın itirilməsi təhlükəsinin yarandığı bir vaxtda özünün xilaskarı kimi ulu öndər Heydər Əliyevi görürdü. Hamı yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız Heydər Əliyev ala bilərdi. Bunun üçün həmin dövrdə Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Elmar Məmmədov deyib.
Elmar Məmmədov bildirib ki, Heydər Əliyev adı tarixin bütöv bir qərinəsi ilə əbədiləşən qüdrətli, müdrik, dahi şəxsiyyətdir. Tarix əbədiliyi, zaman dolğunluğu, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Heydər Əliyev uzaqgörən ideyaları, mütərəqqi fikirləri, sarsılmaz qətiyyəti ilə qüdrətli ordudan da güclü idi. O, ağlı, biliyi və təcrübəsi ilə hər şeyə qalib gəlib.
“Tarixi şəxsiyyət Heydər Əliyevin böyüklüyü ondadır ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. O, xalqı parçalanmaqdan, qardaş qırğınında qurtardı. Vaxtilə ulu öndər Heydər Əliyevi təqib edən, Naxçıvanda onu devirmək, onu Azərbaycandan çıxarmaq istəyən o vaxtki iqtidar belə bir zamanda əlacsız qalaraq Heydər Əliyevə müraciət etdi. Ancaq ondan əvvəl Ümummilli Liderə Yeni Azərbaycan Partiyasının üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları müraciət ünvanlamışdı. Onlar xalqın igid oğlunu Bakıya dəvət etdilər. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı”, - deyə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü əlavə edib.
O qeyd edib ki, bu gün Ümummilli Liderimiz aramızda olmasa da, onun qurub-yaratdığı müasir müstəqil Azərbaycan möhkəm təməllər üzərində inkişaf edir: “Biz gənclər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu gün ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr Ulu Öndərin siyasi xəttinin uğurla həyata keçirilməsinin nəticəsidir. Bu yüksəliş ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi konsepsiyasının akternativsizliyini tam dolğunluğu ilə təsdiq edir”.