SİYASƏT


Elmar Məmmədyarov: Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verir

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırılıb. Nazirlər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyəti təqdir edərək, beynəlxalq qurumlarda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələrdən danışan E.Məmmədyarov Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini qeyd edib. Nazir Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

E.Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü, işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti, işğal olunmuş ərazilərdə xalqımızın maddi-mədəni irsini, İslam dininə aid abidələri vəhşicəsinə məhv etməsi, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları hədəfə alan əməlləri barəsində həmkarına məlumat verib. Nazir Səudiyyə Ərəbistanının ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.