SİYASƏT
Elmar Məmmədyarov: Ermənistanın son təxribat əməlləri danışıqlar prosesini pozmaq məqsədi daşıyır
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryö (Fransa) ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.
Elmar Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib.