ELM VƏ TƏHSİL


“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsi keçirilir

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ICESCO Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün 8 noyabr - Zəfər Günü və 10 noyabr - Dünya Elm Günü ilə əlaqədar təsis etdiyi “Elmdə Zəfər mükafatı” nominasiya müsabiqəsi keçirilir. Mükafat ən yaxşı elmi işə görə ildə bir dəfə veriləcək.

Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar oktyabrın 4-dən 11-i saat 17:00-dək qəbul olunur.

Müsabiqənin keçirilməsində məqsəd beynəlxalq və respublika səviyyəsində elmin rolunu yüksəltmək, eləcə də əldə edilmiş elmi nailiyyətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq səviyyədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təmin etməklə elmi inkişafa nail olmaq, elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

Elmin İnkişafı Fondu, AMEA və ICESCO tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, IETI (Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu) tərəfindən xüsusi sertifikatlar, müsabiqənin sponsoru “Sinam” MMC şirkəti tərəfindən isə onlara hədiyyələr təqdim ediləcək.

“Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsi üzrə nəticələrin noyabr ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.

Müsabiqənin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarın tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.