CƏMİYYƏT


Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktik konfrans keçirib

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Cərrahlar və Qastroenteroloqlar İctimai Birliyi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Şamaxı rayon Mərkəzi Xəstəxanası Şamaxıda “Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş regional elmi-praktik konfrans keçiriblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının, həmçinin Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahları, anestezioloq və reanimatoloqları, kardioloqları, qastroenteroloq və terapevtləri iştirak ediblər.

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev ölkə Prezidentinin xalqımızın sağlam həyat tərzi və rifah halının yüksəldilməsi prinsiplərini daima diqqət mərkəzində saxladığını xüsusi vurğulayaraq, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini söyləyib. Bu baxımdan Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə respublikanın aparıcı tibb mütəxəssislərinin rayonlarımızın həkim mütəxəssisləri ilə vaxtaşırı təcrübə mübadiləsi keçirməsi, əhaliyə yerində konsultasiyalar etmələri böyük əhəmiyyət daşıyır. Bu konfransın əhaliyə tibbi yardımın yaxşılaşdırılması istiqamətində müxtəlif ixtisaslı həkimlərin bilik və peşə bacarıqlarının artırılmasında böyük rol oynayacağını bildirib.

Sonra akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri professorlar H.İsayev, Ə.Məmmədov, F.Saidova, N.Abışov, Q.Müslümov, tibb elmləri doktorları E.Rüstəmov, F.Həsənov, Z.Şirinov və tibb üzrə fəlsəfə doktoru E.Əliyev tərəfindən həzm traktının, ürək-damar sistemi və anesteziologiya-reanimatologiyanın aktual problemlərini özündə əhatə edən maraqlı məruzələr konfrans iştirakçılarına çatdırılıb.

Müzakirələr diskussiya şəklində geniş auditoriyanın iştirakı ilə aparılıb, sonda sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.