CƏMİYYƏT
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qazi Hüseynov İbrahimə sinir nəqli edilib
Bakı, 6 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsi qazisi İbrahim Hüseynova sinir nəqli edilib.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, institutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.
Ağdərə istiqamətində gedən döyüşlər zamanı İbrahim Hüseynov aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyəsində sinir zədələnməsi olub. Qaziyə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim müayinəsi nəticəsində sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulub. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranıb. Əməliyyat zamanı sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilib. 7 saata yaxın davam edən əməliyyatın ilkin nəticəsi olaraq barmaqlarda hərəkət funksiyası bərpa olunub. Bundan sonrakı bərpa müddəti həkim nəzarətində davam etdiriləcək.
Qeyd edək ki, bu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda keçirilən ilk sinir nəqli əməliyyatıdır.