ELM VƏ TƏHSİL
Elmi iclasda iqlim dəyişmələrinin çay axınına təsiri müzakirə olunub
Bakı, 20 may, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova “Azərbaycanda iqlim dəyişmələrinin çay axınına təsiri” (Böyük Qafqazın timsalında) mövzusunda məruzə edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Sevinc Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişiklikləri araşdırıb, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirib.
Əsas iqlim göstəriciləri olan yağıntı və temperaturları təhlil edən tədqiqatçı respublikanın bütün ərazisində son illərdə illik temperaturun +0,3 °C-dən +1,7 °C-yə qədər artmasını müşahidə edib. O bildirib ki, yüksək dağlıq ərazilərdə temperaturun artma qradiyenti daha çoxdur. Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilib ki, fərq 124 mm təşkil edir.
İllik axın modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir. Respublikanın Böyük Qafqaz üzrə əksər gursulu və daşqın rejimli çaylarında maksimal illik su sərfi azalmaqla qış minimal axınları artır.
Məruzəçi qeyd edib ki, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur.