ELM VƏ TƏHSİL
Elmi jurnalların beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı müşavirə
Bakı, 3 may, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi jurnallarının beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı növbəti müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev jurnalların beynəlxalq akademik bazalarda təmsilçiliyinə dair mövcud problemlər və onların həlli yolları, eləcə də elmi jurnalların veb-saytlarının vəziyyəti ilə bağlı müzakirələr aparılacağını söyləyib.
Böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova İnformasiya Texnologiyaları İnstitutu tərəfindən nəşr olunan jurnalların “Web of Science” və “Scopus” beynəlxalq akademik bazalarının minimal tələblərinə cavab verməsi ilə bağlı təhlillər aparıldığını diqqətə çatdırıb. Bildirib ki, jurnalların veb-saytlarının funksionallığının artırılması istiqamətində müəyyən işlər həyata keçirilib, bir sıra problemlər öz həllini tapıb. Həmçinin redaksiya heyəti üzvlərinin monitorinqi aparılıb.
Akademik Rasim Əliquliyev institutun jurnallarının dünyanın tanınmış elmi bazalarının tələblərinə cavab verməsi üçün lazımi tədbirlər görülməsinin vacib olduğunu deyib. Bu məqsədlə mütəmadi olaraq monitorinqlər və təhlillər aparılmasının, elmmetriya saatının keçirilməsinin zəruriliyini önə çəkib. İnstitutun hər bir əməkdaşını bu prosesdə fəal iştirak etməyə çağırıb.
R.Əliquliyev bildirib ki, hər bir şöbə rəhbəri xarici həmkarları ilə əlaqələri möhkəmləndirərək birgə tədqiqatlar aparmalı, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməlidir.
Akademik, həmçinin müşavirədə səsləndirilən bütün təklifləri nəzərə almaqla institutun jurnallarının beynəlxalq akademik bazalara inteqrasiyasına dair tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb.