ELM VƏ TƏHSİL


Elmi kadr potensialının vəziyyəti ilə bağlı müzakirələr aparılıb

Elmi kadr potensialının vəziyyəti ilə bağlı müzakirələr aparılıb

Bakı, 7 fevral, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev FRTEB-in ötən il üzrə hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclasında bölmənin elmi-pedaqoji fəaliyyəti, elmi kadr potensialının vəziyyəti, elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Elmi şuranın sədri FRTEB üzrə institut və təşkilatların qarşısına elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması ilə bağlı ciddi vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bölmənin elmi müəssisələri dünya elminin müasir çağırışları və dövlətimizin başçısının Azərbaycan elminin inkişafına xidmət edən sərəncamlarından irəli gələn vəzifələri rəhbər tutaraq öz fəaliyyətlərini yenidən nəzərdən keçirib, aktual problemlərə diqqət ayırıb, prioritet istiqamətlərdə fundamental tədqiqatlar aparıblar.

FRTEB-də elmi kadr potensialının vəziyyətindən söz açan AMEA-nın vitse-prezidenti bildirib ki, bölmənin elmi müəssisələrində ümumilikdə 973 elmi işçi çalışır. Onlardan 347-si fəlsəfə doktoru, 185-i elmlər doktorudur. Hesabat ilində bölmə üzrə institutlarda 22 nəfər magistratura, 29 nəfər fəlsəfə doktorluğu, 12 nəfər isə elmlər doktorluğu üzrə dissertasiya işini müdafiə edib.

Akademik R.Əliquliyev elmi kadr potensialını yaş kateqoriyaları üzrə təhlil edərək vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: “Bölmənin elmi müəssisələrində 30 yaşına qədər elmlər doktoru yoxdur, yalnız 1 fəlsəfə doktoru var. 40 yaşına qədər cəmi 4 elmlər doktoru, 64 fəlsəfə doktoru var. 185 elmlər doktorunun 94 faizinin yaşı 50-dən, 85 faizinin yaşı 60-dan, 49 faizinin yaşı isə 70-dən yuxarıdır. Bu problemi yaradan səbəblər dərindən araşdırılmalı və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.

AMEA-nın vitse-prezidenti, həmçinin 2022-ci il ərzində FRTEB üzrə bütün institutlarda elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, respublikanın ali təhsil və ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırıb. Alim elm və təhsilin inteqrasiyasının sürətləndirilməsi, kadr potensialının gücləndirilməsi məqsədilə zəruri addımlar atılacağını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.