ELM VƏ TƏHSİL
Elmi konfrans: 1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda “1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirildiyini bildirib. O qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə on minlərlə dinc sakini etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələri dağıdıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqları məhv ediblər.
İ.Məmmədzadə bu hadisələrə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyevin verdiyini və Ulu Öndərin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq silsilə tədbirlərin davam etdiriləcəyini söyləyib.
İnstitutun direktoru İkinci Dünya müharibəsi dövründə oxşar faciə ilə yəhudilərin də üzləşdiyini, etnik mənsubiyyətinə görə alman faşistləri tərəfindən altı milyona yaxın yəhudinin soyqırıma məruz qaldığını deyib.
Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova 1918-ci ildə azərbaycanlıların soyqırımını və Holokost qətliamını XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb. Akademik hər iki xalqın məhz etnik mənsubiyyətinə görə bu faciələrin qurbanı olduğunu diqqətə çatdırıb. O, bu faciələrin fəlsəfi aspektlərinin araşdırılmasında və cəmiyyətə çatdırılmasında Fəlsəfə İnstitutunun üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Daha sonra konfransda fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva "Soyqırımı - tarixə müasir fəlsəfi-etik yanaşma", tarix üzrə elmlər doktoru Vaqif Abışov "XX əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar", fəlsəfə üzrə elmlər doktoru Afaq Rüstəmova "Holokost - XX əsrdə bəşəriyyətə qarşı cinayətdir", fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva "Soyqırımı - sosial-fəlsəfi təhlil" və fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov "Beynəlxalq hüquqi sənədlərdə soyqırımı məsələsi - fəlsəfi-siyasi aspekt" mövzusunda məruzə ilə çıxış ediblər.