ELM VƏ TƏHSİL
Elmi konfrans: 30 illik müstəqillik yolu və qələbə
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Yeni Azərbaycan Partiyasının institut üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfransı açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra 18 oktyabr ilk dəfə zəfər əhval-ruhiyyəsi ilə qeyd olunur.
18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün fəlsəfi mahiyyətinə toxunan professor deyib ki, 30 il ərzində Azərbaycan xalqının milli-mədəni intibahı, millətin gələcəyi naminə öz əvvəlki mövqeyini bərpa etməsi uğrunda bir çox addımlar atılıb. Torpaqlarımızın işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan, Müzəffər Ordu və Müzəffər Xalq birliyinin məntiqi nəticəsidir. Ağır ictimai-siyasi mühitdə öz müstəqilliyini bərpa edən Azərbaycanda dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə görülən işlər tariximizin parlaq səhifəsidir.
Konfransda Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri vurğulanıb.