Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”
AzerTAg.az
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu tərəfindən Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycan Respublikasında dövlət müstəqilliyinin elan edildiyini bildirib. Akademik həmin müstəqilliyin qazanılmasında Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinin xidmətlərinin olduğunu diqqətə çatdırıb. Xalqın maariflənməsində tanınmış Azərbaycan ziyalılarının rolunu qeyd edən T.Kərimli bildirib ki, Üzeyir Hacıbəylinin incəsənət sahəsində göstərdiyi misilsiz xidmətlər bu gün təkcə ölkəmizdə deyil, eləcə də ölkə hüdudlarından kənarda ictimaiyyətə bəllidir.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Azərbaycan Respublikasının dövlət rəmzləri şəbəkə sənətində” mövzusunda çıxışı dinlənilib. Alim müstəqillik dövründə Azərbaycan mədəniyyətində və incəsənətində milli oyanışın təzahürlərini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin xarici ölkə təmsilçiləri, o cümlədən Kanadadan Polina Desyatniçenko, Özbəkistandan Fazilat Kadırov və Dilfuza Cumaniyazova, Rusiyadan Timofey Kovalenko müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Konfransda “Azərbaycan Respublikasının dövlət rəmzləri şəbəkə sənətində”, “Müasir bədii sənətkarlıq Özbəkistan milli mədəniyyətinin əsası kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti”, “Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov”, “Təsviri sənətdə Cümhuriyyət” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Daha sonra Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin "Azərbaycan türk el nəğmələri" nəşri əsasında “Fortepiano işləmələri” əlyazma toplusunun təqdimatı olub.
Təqdimat mərasimində sənətşünaslıq doktoru İradə Köçərli "Azərbaycan türk el nəğmələri" nəşri əsasında “Fortepiano işləmələri” haqqında məlumat verib.
Tədbir bədii hissə ilə davam edib.








Xəbərin mətnində orfoqrafik səhv var