ELM VƏ TƏHSİL
Elmi konfrans: Heydər Əliyev və milli-mənəvi dəyərlər
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyinin, BDU Könüllülərinin və universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollecin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildirib ki, konfransda çıxış edən kollecin direktoru professor Səhər Orucova ümummilli lider Heydər Əliyevin xalqımızın tarixi keçmişinə, mədəni irsinə, milli dəyərlər sisteminə sonsuz məhəbbətlə yanaşdığını qeyd edib. O, çıxışında Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlərə göstərilən qayğıdan söz açıb və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Daha sonra məruzə ilə çıxış edən Heydər Əliyev muzeyinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Afət Seyidzadə Ulu Öndərin həm sovet, həm də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə mədəni və tarixi irsin, mədəniyyətin, ədəbiyyatın, incəsənətin və digər sahələrin himayəçisi olduğunu bildirib, əldə olunmuş nailiyyətlərdən danışıb.
Məruzəçi vurğulayıb ki, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyəti onun hələ sovet dönəmində respublikamıza rəhbərlik etdiyi dövrdən başlayıb.
Azərbaycanda 60-cı illərin sonu – 70-ci illərin əvvəllərindən başlayaraq vüsət almış quruculuq işləri, ölkənin hərtərəfli inkişafı Heydər Əliyevin milli təəssübkeşliyindən doğan əzəmətli fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir.
Tədbir BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı və Azərbaycan dili və ədəbiyyatı fənn birləşmə sədri Aynurə Qurbanın mövzu ətrafında çıxışı ilə davam edib.