ELM VƏ TƏHSİL


Elmi konfrans: Nəsiminin əsərlərində sosial və humanitar fəlsəfi ideyaların əsas istiqaməti

Bakı, 24 aprel, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərində sosial və humanitar fəlsəfi ideyaların əsas istiqaməti” mövzusunda elmi konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə dahi şair Nəsimiyə həsr edilmiş sərgiyə baxıblar.

Tədbiri giriş sözü ilə açan rektor Ədalət Muradov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, eləcə də “Nəsimi ili” çərçivəsində universitetdə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Nəsiminin yaradıcılığından danışan rektor qeyd edib ki, Azərbaycan xalqı zaman-zaman dahi şairlər yetişdirib. Bu sırada Nəsimi xüsusi yer tutur. Nəsimi şəxsiyyəti, onun idealları və əqidəsi müasir dövrümüzlə səsləşir.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli qeyd edib ki, Nəsimi daim humanist ideyaları təbliğ edib, şeirlərində insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamından söz açıb.

Elmi konfransda UNEC-in Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli “Nəsimi irsi müasir humanitar düşüncə kontekstində” və kafedranın professoru Maarifə Hacıyeva “İmadəddin Nəsiminin şeirlərində folklor qaynaqları” mövzularında çıxış ediblər.

Tədbirdə Azərbaycan dili kafedrasının və UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə tələbələrin ifasında Nəsiminin yaradıcılığından nümunələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.