CƏMİYYƏT
Elmi konfransda ürək patologiyalarında risk faktorları müzakirə olunub
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasında ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar elmi konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kafedranın müdiri, professor Musa Qəniyev ürək patologiyalarının bütün dünyada geniş yayıldığını, hətta inkişaf etmiş ölkələrdə həmin xəstəliklərindən ölüm hallarının 35 faiz olduğunu və bu baxımdan kardiologiyada həmin xəstəliklərə müasir yanaşmanın yaranacağına əminliyini ifadə edib.
Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetlinin tibb fakültəsində farmakologiya kafedrasının professoru Xalis Süleyman və dosent Renad Məmmədov, eləcə də ölkəmizdə kardiologiya sahəsində tanınmış mütəxəssis, dosent Fərid Əliyev ürək-damar sistemi xəstəliklərinin aktual problemlərinə, bu sahədə farmakoloji korrektələrə dair maraqlı mühazirələrlə çıxış ediblər.
Geniş diskussiya şəraitində keçən konfransda qarşılıqlı fikir mübadiləsi aparılıb, fundamental fənlərlə kliniki fənlər arasında elmi-tədris əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olunub.