REGİONLAR
Elmi-praktik konfransda stomatologiya sahəsindəki yeniliklər müzakirə edilib
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Səhiyyə sisteminin inkişafına dövlət qayğısının artırılması, bu sahənin maddi-texniki bazasının, infrastrukturunun yenidən qurulması, mövcud olan və tikilib istifadəyə verilən kənd həkim ambulatoriyalarında stomatoloji kabinələrin yaradılması, onların müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin (NDU), Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Modern və multidissiplinar stomatologiya” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 oktyabr tarixli Sərəncamı ilə Stomatoloji Mərkəzə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu verilib. Mərkəzin fəaliyyətinin əsas məqsədi muxtar respublikada stomatoloji tibbi xidmətin göstərilməsi, eləcə də bu sahədə praktik biliklərə yiyələnmənin təmin edilməsidir.
NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, universitetdə stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verir. NDU-nun Türkiyə universitetləri ilə əlaqələri ilbəil genişlənir. Həmin universitetlərlə qarşılıqlı olaraq tədrisin təşkili və tibb elminin aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların, onların nəticələri əsasında konfrans və seminarların keçirilməsi, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası və elmi-praktik informasiyaların mübadiləsi aparılır.
Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının əməkdaşı, “İmplant-dent” klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov qeyd edib ki, təmsil etdiyi qurumun əsas məqsədi Azərbaycanda implantologiyanın inkişafı, gənc alimlərin və yerli mühazirəçilərin formalaşmasına dəstək olmaqdır.
Sonra Türkiyənin 19 May Universitetinin restovrativ stomatologiya kafedrasının əməkdaşı, professor Ertan Ertaş, Azərbaycan İmplantoloq İctimai Birliyinin İdarə Heyətinin üzvləri Rövşən Məmmədov, Vüqar Quliyev, Hüseyn Hüseynzadə, Elçin Abbasov, Teymur Məmmədov və Cəmil Mustafa müxtəlif mövzularda çıxışlar edib, dünya praktikasındakı son yeniliklərdən söhbət açıblar. Konfransda videosüjetlər, implantasiya prosesindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda konfransda iştirak edən stomatoloqlara sertifikatlar təqdim olunub.