ELM VƏ TƏHSİL
Elmi seminar: Kür-Araz ovalığının müasir meliorativ vəziyyəti
Bakı, 13 may, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Kür-Araz ovalığının müasir meliorativ vəziyyəti” mövzusunda ekspedisiyanın nəticələrinə həsr olunmuş elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Mövzu üzrə ekspedisiyanın rəhbəri, institutun icraçı direktoru dosent Yasin Rüstəmov məruzə ilə çıxış edib. O, Kür-Araz ovalığında Baş Mil-Qarabağ, Baş Mil-Muğan, Baş Şirvan kollektorlarının və onların təsir dairəsində olan torpaqların müasir vəziyyətinin öyrənilməsi və sudan istifadənin effektivliyinin artırılması yolları ilə bağlı görülmüş işlərdən danışıb. Su və torpaq resurslarının meliorativ vəziyyəti haqqında müfəssəl məlumat verən məruzəçi ekspedisiyanın 4 qrupla həyata keçirildiyini bildirib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev görülən işin böyük elmi əhəmiyyətə malik olduğunu qeyd edib.