ELM VƏ TƏHSİL
Elmi seminar: Müasir coğrafiya elminin təcrübi-metodiki əsasları
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Suraxanı rayonunun 232 nömrəli orta məktəbinin şagirdləri üçün “Müasir coğrafiya elminin təcrübi-metodiki əsasları” mövzusunda növbəti seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Ramiz Məmmədov coğrafiyanın müxtəlif istiqamətlərində institutda aparılan elmi işlərdən, çöl tədqiqatlarından, yeni nəşrlərdən, coğrafi problemlərdən və s. söhbət açıb.
Coğrafi fikir tarixi şöbəsinin müdiri Habil Haqverdiyev şagirdlərə coğrafiya elminin inkişafında böyük rol oynayan görkəmli alimlər, institutun son illərdə qazandığı nailiyyətlər, Azərbaycan Coğrafiya Cəmiyyətinin 80 illik yubileyinə hazırlıq və s. haqqında məlumat verib.
İnsan coğrafiyası istiqaməti şöbəsinin müdiri Zakir Eminov siyasi və iqtisadi coğrafiya, demoqrafiya və əhali coğrafiyası, turizm və tibbi coğrafiya bölmələrinin fəaliyyəti, Azərbaycanın iqtisadi rayonları, coğrafiya tədris materialları haqqında danışıb, məktəbin coğrafiya müəllimlərinin tədris kitablarına olan fikir və iradlarını dinləyərək suallarını cavablandırıb.
Qurunun hidrologiyası şöbəsinin rəhbəri Rəna Bəyim Qaşqay məktəblilərin Coğrafiya İnstitutu ilə əlaqələrini yüksək qiymətləndirib, şagirdlərə öz tövsiyələrini verərək vətəni yaxşı tanımaq və sevmək, onun coğrafiyasını öyrənmək, eləcə də maraq dairəsini genişləndirmək məqsədilə gənclərin ölkənin müxtəlif guşələrinə səfərlərinin əhəmiyyətini diqqətə çatdırılıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Ələkbərova şuranın fəaliyyəti, nailiyyətləri və perspektivlərinə dair fikirlərini bölüşüb.
Coğrafiya üzrə fəlsəfə doktorları Elina Kərimova və Etibar Bədəlov “Azərbaycanın palçıq vulkanları” mövzusunda təqdimatla çıxış ediblər, iştirakçıları maraqlandıran suallara cavablar veriblər. Məktəbli coğrafiyaçılar da palçıq vulkanlarına dair fikirlərini bölüşüblər.