ELM VƏ TƏHSİL
Elmi seminar: Proqram mühəndisliyinin iqtisadi aspektləri
Bakı, 27 fevral, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda elmi müəssisənin əməkdaşı Tamilla Bayramovanın “Proqram mühəndisliyinin iqtisadi aspektləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi proqram mühəndisliyi iqtisadiyyatının inkişafı və mənimsənilməsi, burada layihələrin inkişafının iqtisadi proqnozlaşdırılması, proqram təminatı istehsalının iqtisadi analizi, iqtisadi cəhətdən səmərəli proqram məhsulları istehsalının təşkili və digər müvafiq məsələlərdən bəhs edib.
İş qrafikinin planlaşdırılması və layihənin dəyərinin qiymətləndirilməsinin paralel yerinə yetirildiyini qeyd edən T.Bayramova proqram məhsulunun maya dəyərinin hesablanma metodlarını və onun qiymətinə təsir edən amilləri diqqətə çatdırıb. Məruzəçi apardığı araşdırmaların nəticələrindən də danışıb. Qeyd edib ki, proqram mühəndisliyi iqtisadiyyatının inkişafı bu sahədə toplanan təcrübənin və elmi yeniliklərin ümumiləşdirilməsini və qavranılmasını tələb edir.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.