ELM VƏ TƏHSİL
Elmi seminar: Saxta profillərin aşkarlanmasına bəzi yanaşmalar
Bakı, 28 fevral, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Saxta profillərin aşkarlanmasına bəzi yanaşmalar” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən magistrant Xəyalə Əhmədova sosial şəbəkələrdə saxta profillərin və qrupların aşkarlanması ilə bağlı bəzi yanaşmalar haqqında məlumat verib. Bildirib ki, sosial şəbəkələrdə istifadəçilərin sayı artdıqca onlarla bağlı təsnifat aparılması çətinləşir. Bu səbəbdən saxta profillərin klasterləşdirilməsi onların qruplar şəklində daha sürətli aşkarlanmasına gətirib çıxara bilər.
Saxta profillərin qruplaşdırılmasında qraflar nəzəriyyəsindən istifadə edildiyini qeyd edən məruzəçi qraf əsaslı əlamətlər və metodları sınaqdan keçirmək üçün istifadə edilən bazalar haqqında ətraflı məlumat verib.
Sonra şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün maşın təlimi yanaşmaları əsasında metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib və bir sıra təkliflər səsləndirib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.