ELM VƏ TƏHSİL
Elmi seminarda İslamda yuxular və onların dini inancımızdakı yeri izah edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "İslamda yuxu və nəzər anlayışlarına kvant fizikası prizmasından baxış" mövzusunda növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, prorektor Aqil Şirinov kvant fizikasının mənşəyi barədə məlumat verib. O, kvant fizikasının bir təlim olmaqla yanaşı, həm də fəlsəfə, teologiya və s. sahələrdə müzakirə obyektinə çevrildiyini söyləyib.
Sonra Kembric Universitetinin doktorantı Murad İsmayılov "İslamda yuxu və nəzər anlayışlarına kvant fizikası prizmasından baxış" mövzusunda məruzə ilə çıxış edib. İslamda yuxular və onların dini inancımızdakı yerinin izah olunduğu məruzədə yuxu ilə bağlı mövcud nəzəriyyələr təqdim edilib. M.İsmayılov Yunq konsepsiyası ilə İslamın yuxuya yanaşması arasında paralelləri təsvir edərək, bir tərəfdən, müasir yuxu elmi, digər tərəfdən isə İslamda nəzərdə tutulan yuxu növləri arasındakı əlaqədən danışıb. O, bu fizikanı klassik makrodünyadan ayıran bəzi əsas fərqləndirici xüsusiyyətlərdən danışıb. Məruzəçi insan şüurunu anlamaq üçün kvant fizikasının əsas qaydalarının tətbiq edilməsi ilə əlaqədar ortaya çıxan bəzi dəlillərə toxunub. Son zamanlar kvant fizikasında aşkar edilmiş qanunları İslamın yuxu şərhinə yanaşması ilə əlaqələndirən məruzəçi bu fizikanın anlayışları ilə İslamda nəzər anlayışı arasında qurulan əlaqəni nəzərə çatdırıb.
Seminarda mövzu ətrafında müzakirələr aparılıb.