ELM VƏ TƏHSİL
Elmi seminarda doluya qarşı mübarizə işlərinin təşkilinə dair məruzə dinlənilib
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Radiometeorologiya və Aerologiya Mərkəzinin direktoru, coğrafiya elmləri doktoru Səid Səfərov “Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması üzrə metodiki göstərişlər” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına uyğun hazırlanıb.
Tədqiqatçı qeyd edib ki, hazırda dünyanın 45 ölkəsində müxtəlif metodlarla (yerüstü generator, aviasiya, artilleriya və raket) doluya qarşı mübarizə işləri həyata keçirilsə də, Rusiyanın avtomatlaşdırılmış raket texnologiyası daha təkmil elmi-texniki bazaya və yüksək effektivliyə (80-90 faiz) malikdir. Bu texnologiyanın fiziki əsasını yağış buludlarının gələcəkdə dolu yarana biləcək həcmlərindən yağıntı əmələgəlmə prosesini sürətləndirmək təşkil edir. Vaxtından əvvəl atmosfer yağıntılarının stimullaşdırılması dolu əmələgəlmə prosesinin dağılmasına və müvafiq olaraq buludda dolunun yaranma və böyüməsinin qarşısını almağa imkan verir. Bu məqsədlə qeyd olunan texnologiya xüsusi radiolokatorlar vasitəsilə dolu, dolu təhlükəli və potensial dolu təhlükəli buludların avtomatik müşahidə olunmasını və tanınmasını, orada gələcək dolu əmələgəlmə həcmlərinin müəyyənləşdirilməsini və xüsusi “yer-hava” raketlərinin köməyi ilə həmin həcmlərə kristallaşdırıcı reagentlərin göndərilməsini nəzərdə tutur.
Alim hesab edir ki, Azərbaycan ərazisində doluya qarşı mübarizə işlərinin Rusiyanın raket texnologiyası əsasında bərpası daha məqsədəuyğundur. Lakin bunun üçün müvafiq radiolokasiya, raket, rabitə avadanlığının alınmasına, müvafiq infrastrukturun yaradılmasına və kadrların hazırlanmasına ehtiyac var.