ELM VƏ TƏHSİL


Elmi seminarda urbanizasiya və demoqrafik inkişaf məsələləri ilə bağlı məruzə dinlənilib

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov “Aran iqtisadi-coğrafi rayonunda urbanizasiya prosesi və demoqrafik inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzədə regionda şəhər məskunlaşmasının ölkədə mövqeyi və inkişafı, həmçinin inzibati rayonlar üzrə urbanizasiya səviyyəsi və şəhər məntəqələrində demoqrafik proseslər təhlil edilib, əhalinin təbii artımı, nikah və boşanmaların dinamik inkişafındakı problemlər diqqətə çatdırılıb.

Tədqiqatçı müəyyən edib ki, 2010-2018-ci illərdə regionun şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 min nəfərdən 5 min nəfərə düşüb, 2015-ci illə müqayisədə 2017-ci ildən təbii artımın və doğumun nisbi əmsal göstəriciləri sürətlə aşağı enib. Ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20 faizdən yüksək olub. Ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir. Nikahlarda azalma (7,5-6,5), boşanmalarda isə sürətli artım (1,5-1,8) müşahidə olunur.

E.Bədəlov, həmçinin körpə ölümünə görə şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu da diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.