ELM VƏ TƏHSİL
Elmi seminarlar intellektual mühitin yaradılmasında mühüm rol oynayır
Bakı, 2 avqust, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun intellektual fəaliyyətinin əsas dayaqlarından biri də elmi seminarların yüksək səviyyədə təşkilidir. Elmi şuranın növbəti onlayn iclasında texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva institutun elmi seminarlarının fəaliyyəti haqqında danışıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. O, 6 ay ərzində prioritet istiqamətlərdə aparılan tədqiqatlar, doktorant və dissertantların, magistrantların elmi fəaliyyətləri, eləcə də fəlsəfə və elmlər doktorluğu üzrə dissertasiya işlərinin müzakirəsinə dair 90-a yaxın elmi seminarın keçirildiyini söyləyib. Həmçinin seminarlara təqdim olunan mövzuların şöbələr üzrə paylanmasına dair statistikanı diqqətə çatdırıb.
Məruzəçi seminarlara təqdim olunması nəzərdə tutulan mövzular barədə də məlumat verib.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev institutun elmi seminarlarının intellektual sosial media platforması kimi müntəzəm və ardıcıl keçirilməsinin əhəmiyyətinə toxunub. Bildirib ki, əsas məqsəd institut əməkdaşlarının apardığı tədqiqatları, əldə olunan mühüm nəticələri təqdim etmək, müxtəlif mövzularda elmi müzakirələr təşkil etmək, ideyalar ortaya qoymaq və elmi təfəkkürü formalaşdırmaqdır.
“İnstitutun intellektual fəaliyyətinin əsas dayaqlarından biri də elmi seminarların yüksək səviyyədə təşkilidir”, - deyən akademik bu kimi iclasların tədqiqatçının fəaliyyətinin daha səmərəli təşkilində və intellektual mühitin yaradılmasında mühüm rol oynadığını vurğulayıb.