ELM VƏ TƏHSİL


Elmi sessiya: Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil

Bakı, 11 oktyabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində “Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçirilib. Sessiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının ölkəmizin tarixi, ədəbi şəxsiyyətlərinə verilən dəyərin göstəricisi olduğunu bildirib. Qeyd edib ki, Mirzə Cəlilin dünyagörüşünün formalaşmasında hələ gənc yaşlarında qəbul olduğu Qori Müəllimlər Seminariyası mühüm rol oynayıb və burada aldığı təhsil ona gələcəkdə böyük irs yaratmağa təkan verib.

Akademik XX əsrin əvvəllərində zəngin yaradıcılığı və özünəməxsus üslubu ilə seçilən Mirzə Cəlilin öz əsərlərində Azərbaycan xalqının həyat tərzini əks etdirdiyini, tənqid və sarkazmlarla millətin intibahına çalışdığını vurğulayıb. Ədibin “Molla Nəsrəddin” jurnalı vasitəsilə ana dilimizin inkişafına və təbliğinə çalışdığını deyən R.Hüseynov Mirzə Cəlilin nəşrin ilk nömrəsində yer alan “Sizi deyib gəlmişəm” məqaləsi ilə xalqımıza doğma dilimizdə müraciət etdiyini diqqətə çatdırıb. Cəlil Məmmədquluzadənin tarixi missiyasının yalnız ədəbi əsərləri deyil, eyni zamanda, ərsəyə gətirdiyi "Molla Nəsrəddin" satirik jurnalı olduğunu deyən akademik bildirib ki, nəşr qısa müddətdə Qafqaz, Osmanlı, Orta Asiya, Çin, Hindistana qədər yayılıb, öz ətrafında demokratik düşüncəli insanları toplaya bilib.

Qeyd olunub ki, Cəlil Məmmədquluzadə bu gün də son dərəcə aktual və müasirdir. Ona görə müasirdir ki, onun tənqid etdiyi tiplər aramızda yenə də qalmaqdadırlar. Cəmiyyət islah olunmayınca Cəlil Məmmədquluzadənin tipləri bizimlə qalacaq. Cəlil Məmmədquluzadənin daim dram, hekayə, felyeton, povest və publisist yazılarında cəmiyyətin inkişafına mane olan nöqsanları qabartdığını deyən R.Hüseynov “Anamın kitabı”, “Danabaş kəndinin əhvalatları”, “Poçt qutusu”, “Qurbanəli bəy” və s. əsərlərin bu qəbildən olduğunu söyləyib. Bildirib ki, gələcəyi görən şəxsiyyətlərdən olan Mirzə Cəlilin 1909-cu ildə yazdığı “Ölülər” dramında toxunulan mövhumat, cəhalət və xurafat kimi problemlərin təzahürlərinə bu gün müasir kommunikasiya dövründə belə rast gəlmək mümkündür.

O, ədibin sovet hakimiyyəti illərində məhdud özünüifadə imkanları çərçivəsində belə yazıb-yaratdığını, yaradıcılığında daim cəmiyyətin problemlərini qabartdığı üçün xalq tərəfindən hörmət əlaməti olaraq ona “Mirzə” ləqəbinin verildiyini söyləyib. Alim Cəlil Məmmədquluzadənin zəngin irsinin Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov kimi elm xadimləri tərəfindən geniş tədqiq edildiyini və yazıçı haqqında sanballı əsərlər ərsəyə gətirdiklərini vurğulayıb.

Sessiyada muzeyin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun “Tarix “Molla Nəsrəddin”in gözü ilə”, Mədəni irs və mənbəşünaslıq şöbəsinin baş fond mühafizi Ülviyyə Həsənovanın “Cəlil Məmmədquluzadə yadigarları” mövzularında məruzələri dinlənilib.

Tədbir çərçivəsində Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.