ELM VƏ TƏHSİL


Elmi sessiya: Hüseyn Cavid yaradıcılığı Azərbaycan və Türkiyə ədəbi-mədəni əlaqələri kontekstində

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Hüseyn Cavid yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri kontekstində” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinin qeyd edildiyini söyləyib.

Gövhər Baxşəliyeva Hüseyn Cavid yaradıcılığının Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrində rolunu, bütövlükdə türk xalqlarının ədəbi və mədəni tərəqqisinə töhfələr verdiyini söyləyib. O, XX əsrin əvvəllərində Azərbaycan və Türkiyənin mədəni həyatına əsərləri ilə möhürünü vuran şairlər arasında fıkirləri vә əsərləri ilə millətin yolunu işıqlandıran iki böyük sənətkarın Hüseyn Cavidin və Mehmet Akif Ərsoyun xüsusi yeri olduğunu söyləyib. Hər iki şairin həyat vә fəaliyyətində, qələmə aldıqları mövzuların ideya-məzmun xüsusiyyətlərində, hətta tale yollarında bir çox bənzərliklərin olduğunu deyib. Akademik hər iki ədibin bütün ömürlərini xalqın, millətin vә bütün İslam aləminin, türk dünyasının istiqbalı üçün şam kimi əritdiklərini vurğulayaraq, onların millətin bu gününü, gələcəyini işıqlandıraraq xalqın qəlbinə köçdüklərini vә bu millət yaşadıqca onların da əbədi yaşayacaqlarını bildirib.

Elmi sessiyada Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı “Hüseyn Cavidin yaradıcılığında milli və dini kimlik motivlərinin təcəssümü” mövzusunda məruzə ilə çıxış edib. M.Babaşlı bənzərsiz yaradıcılıq üslubu, geniş mövzu dairəsi, ümümbəşəri təfəkkürü ilə fərqlənən Cavidin ədəbiyyat tariximizdə özünəməxsus şərəfli yer tutan sənətkar olduğunu deyərək, onun milli kimlik anlayışının əsasını təhsilə, tərbiyəyə və elmə yiyələnmək zərurətinin təşkil etdiyini vurğulayıb. Türkçülük ideyalarının alovlu tərənnümçüsü kimi tanınan şairin əsərlərində türkçülüklə azərbaycançılığın vəhdət təşkil etdiyini deyən məruzəçi onun ortaq türk ədəbi dilinin türk dünyasının birliyi üçün ən önəmli şərtlərdən biri olduğuna inandığını, əsərlərində türkçülük ideyalarının təbliğinə geniş yer verdiyini söyləyib.

Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri Səriyyə Gündoğdu “Hüseyn Cavidin ictimai şeirlərində Mehmet Akif Ərsoy poeziyasının təsiri” mövzusunda məruzəsində bu iki şəxsiyyətin XX əsr türk dünyasının ədəbi, ictimai fikrində görkəmli yer tutduğunu və zəngin ədəbi irs qoyub getdiklərini deyib. Məruzəçi onların bütün türk dünyasının və İslam aləminin qanayan yaralarına öz şəxsiyyətləri və əsərləri ilə məlhəm olmağa çalışdıqlarını bildirib.

İnstitutun Nəşriyyat və elmi informasiya təminatı şöbəsinin əməkdaşı Ülviyyə Eminova isə “Hüseyn Cavid və Əbdülhaq Hamid Tarhan dramlarında qadın hüquqları problemi” mövzusunda məruzəsində Hüseyn Cavid yaradıcılığında qadın probleminin öz aktuallığı və orijinallığı ilə seçildiyini söyləyib. O, böyük ədibin ədəbiyyata qədəm qoyduğu ilk zamanlardan qadın məsələsinə maraq göstərərək, bu aktual mövzunu istər şeirlərində, istər də dram əsərlərində önə çəkdiyini vurğulayıb.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.