ELM VƏ TƏHSİL


Elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqi müasir dövrün əsas çağırışlarındandır

Bakı, 12 sentyabr, AZƏRTAC

Aqrar sahədə aparılan islahatlar bu istiqamətdə elmi fəaliyyətlə məşğul olan alimlərin üzərinə mühüm vəzifələr qoyur. Belə ki, elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqi müasir dövrün əsas çağırışlarındandır. Hazırda institutumuzda 2 akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 6 elmlər doktoru, 92 fəlsəfə doktoru çalışır. Bu, çox güclü elmi potensial deməkdir. Biz elmi biliklərimizi kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssislərlə bölüşmək istəyirik. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığın qurulması günün tələbidir və biz buna çalışırıq. Əgər bu əməkdaşlıq qurularsa, institutumuz ölkəmizdə aqrar sektorun inkişaf etdirilməsinə böyük töhfələr verə bilər.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.

Alim elmi-tədqiqat işlərinin nəticələrinin əksini tapdığı monoqrafiyalar, məqalələr və müxtəlif elmi konfranslarda olan çıxışların institutun saytında yerləşdiriləcəyini və bunun fermerlərə dəstək olacağını bildirib. Qeyd edib ki, institutun saytında alimlərimizin illər üzrə ölkə daxilində və xarici elmi jurnallarda dərc olunan məqalə və tezisləri yerləşdiriləcək. Tədricən əvvəlki illərdə çap olunmuş materiallar da bu məlumat bankında toplanacaq. Bundan həm fermerlər, həm aqrar sahədə tədqiqat aparmaq istəyən aspirantlar, həm də bu sahədə təhsil alan tələbələr faydalana biləcəklər. “İnstitutumuzda magistr hazırlığı həyata keçirilir. Xarici ölkələrin elmi-tədqiqat müəssisələri ilə sıx əlaqələrimiz var. Üç əməkdaşımız xarici ölkələrdə təhsil alır. Bundan başqa, Bakı Dövlət Universitetinin və Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri institutumuzda təcrübə keçirlər”, - deyə Əlövsət Quliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.