REGİONLAR


Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində arxiv sənədləri əhəmiyyətli rol oynayır

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Xalqımızın zəngin tarixi keçmişinə və bu gününə aid qiymətli sənəd materialları dövlət arxivlərində qorunub saxlanılır. Bu gün arxiv sənəd və materiallarından elmi-tədqiqat işlərində geniş istifadə edilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər “Naxçıvan” Universitetində “Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində arxiv sənədlərinin rolu” mövzusunda keçirilən elmi seminarda səsləndirilib.

Seminarda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva arxiv sənədlərinin əhəmiyyətini və qorunmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci il martın 14-də “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın məqsədlərindən biri də arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün elmi müəssisələrlə (təşkilatlarla) qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir. “Naxçıvan” Universiteti bu əməkdaşlıq üçün ilk addımı ataraq universitetdə bu mövzuda elmi seminar təşkil edib.

Naxçıvan Şəhər Dövlət Arxivinin müdiri Əbülfəz Məhərrəmov çıxışında bildirib ki, arxivlər tarix etibarilə kitabxanalardan sonra yaranıb və əsasən, dövlətin öz funksiyalarının həyata keçirilməsi üçün tələb olunan informasiyanın qorunmasına xidmət edib. Bu gün arxivlər xalqın mədəni sərvətlərinin siyahısına daxil edilən sənədli materialların qorunmasını həyata keçirir. Eyni zamanda, həm də tarixin müxtəlif dövrlərində baş verən hadisə və faktları təsdiq və sübut etmək imkanına malik rəsmi dövlət orqanlarının aktlarının, idarəçilik sənədlərinin, nadir və qiymətli çap əsərlərinin, əlyazmaların, elmi-tədqiqat materiallarının toplandığı əvəzsiz xəzinədir.

Seminarda universitetin Ümumi tarix kafedrasının müəllimi, tarix elmləri doktoru Xəzər Hüseynov, Pedaqogika və psixologiya kafedrasının dosenti Nəzakət Yusifova müxtəlif mövzularda çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.