ELM VƏ TƏHSİL


Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının Moskvada keçirilmiş sammitində təmsil olunub

Bakı, 18 may, AZƏRTAC

Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev Qlobal Tədqiqat Şurasının (QTŞ) Moskvada keçirilmiş Ümumdünya 7-ci İllik Baş Toplantısında (sammitində) iştirak edib.

Elmin İnkişafı Fondu QTŞ-nin Kanadada 2017-ci ildə keçirilmiş 6-cı İllik Baş Toplantısında bu qurumun beynəlxalq üzvü kimi tanınıb. Fond tərəfindən bu istiqamətdə işlərə 2015-ci ildə başlanılıb və EİF həmin ildən QTŞ-nin Avropa Bölməsinin üzvü olub.

EİF-dən AZƏRTAC-a bildiriblər ki, budəfəki təşkilatçıları Rusiya Fundamental Tədqiqatlar Fondu və Koreya Milli Tədqiqat Fondu olan 7-ci İllik Baş Toplantıda elmi ekspertiza meyarları və elm diplomatiyası kimi məsələlər müzakirə olunub. Tədbirdə 86 ölkədən 160 nümayəndə iştirak edib. Baş Toplantıda QTŞ-nin 2019-cu ildə Braziliyanın San-Paulu şəhərində keçiriləcək 8-ci İllik Baş Toplantısının gündəliyi müzakirə olunub, QTŞ-nin yeni prezidenti və müavinləri seçilib.

QTŞ-nin 7-ci İllik Baş Toplantısı çərçivəsində Avropa Regional İclası da keçirilib. Elmin İnkişafı Fondu QTŞ-nin Avropa Regional Bölməsinin fəal üzvüdür. Bu iclasda növbəti QTŞ Avropa Regional Toplantısının Avstriyada keçirilməsi barədə qərar qəbul edilib. İşçi qrupların iclaslarında iştirakçı ölkələrin təcrübəsini əks etdirən çıxışlar dinlənilib. EİF tərəfindən bir sıra təkliflər irəli sürülüb, Azərbaycanın təcrübəsi haqqında qısa məlumat verilib. Fond “Elm diplomatiyası” üzrə müzakirələrdə təmsil olunub.

Səfər çərçivəsində E.Babayev tərəfindən bir sıra fond və şura rəhbərləri (Türkiyə, Avstriya, Belarus, İran, İsrail və s.) ilə qısamüddətli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

“Tədqiqatlar üzrə qonşular” mövzusunda “dəyirmi masa”da keçmiş sovet ölkələri, həmçinin bir sıra qonşu ölkələr (Türkiyə, İran, Koreya, Monqolustan) arasında əməkdaşlıq məsələləri, mövcud potensial, meqaelm üzrə tədqiqatlar kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində nümayəndələr məşhur “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin işi ilə tanış olublar. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunda Avrasiya Astronomiya Cəmiyyəti idarə heyətinin iclasında E.Babayev Azərbaycanda elmi tədqiqatların vəziyyəti, qrant maliyyələşdirilməsi, astronomiya sahəsində araşdırmalar haqqında məruzə ilə çıxış edib. Birgə planlar müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.