ELM VƏ TƏHSİL


Elmin İnkişafı Fondunun icraçı direktoru gənc alim və tədqiqatçılarla görüşüb

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin elmi və intellektual potensialının artırılmasıdır. Dövlətin gənclər siyasəti ilə bağlı qəbul edilmiş dövlət proqramlarında da bu öz əksini tapıb. Belə ki, 2015-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq olunub, 2017-ci ildə isə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Hər iki sənədin əsas məqsəd və vəzifələrindən biri gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsidir. Elmin İnkişafı Fondu buna və “Elm haqqında” Qanuna uyğun olaraq gənc alimlərin fəaliyyətini stimullaşdırmaq üçün müəyyən qrant müsabiqələri təşkil edir. Bu müsabiqələrdən biri də gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsidir. Bu müsabiqəyə 2020-ci il avqustun 7–dən sentyabrın 18-dək layihələr qəbul edilib. Müsabiqənin nəticələri 2021-ci il martın 31-də açıqlanıb, qalib layihələrin siyahısı Fondun rəsmi səhifəsində elan edilib.

Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direksiyası qalib gəlmiş layihə rəhbərləri ilə görüş keçirib. Gənc alim və tədqiqatçılarla layihə ətrafında müzakirələr aparılıb. Görüşdə Fondun icraçı direktoru Mehriban İmanova bildirib ki, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, onların beynəlxalq aləmə inteqrasiyası, öz yaradıcılıq imkanlarını genişləndirməsi dövlətin aparıcı siyasət istiqamətlərindən biri kimi Fondun da fəaliyyətində prioritet istiqamətlərindən birini təşkil edir. Buna uyğun olaraq Elmin İnkişafı Fondu tərəfindən müəyyən tədbirlər və müsabiqələr təşkil edilir. M.İmanova gənc alim və mütəxəssislərə elmi fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycan gənclərinə böyük ümidlər bəslədiyini vurğulayıb.

Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e - QRANT”- “Qrant layihələrinin Elektron İdarə olunması Sistemi” vasitəsilə təqdim edilib. Sənədlərin bu sistem vasitəsilə qəbulu üçün iştirakçılara kömək göstərilməsi üçün məsləhət vebinarları keçirilib. Müsabiqədə AMEA-nın elmi institutlarından, müxtəlif ali təhsil müəssisələri və nazirliklərin nəzdindəki tədqiqat mərkəzlərindən olan gənc alim və tədqiqatçılar iştirak ediblər. Təqdim edilmiş layihələr Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər tərəfindən müsabiqə şərtlərinə uyğunluq dərəcəsi, yerinə yetirilmə imkanları, elmi səviyyəsinə uyğun olaraq qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.