ELM VƏ TƏHSİL
Elmin müasir istiqamətlərinin inkişafında beynəlxalq əlaqələr üzrə fəaliyyət müzakirə edilib
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənovun sədrliyi ilə beynəlxalq əlaqələr üzrə fəaliyyətə həsr edilmiş iclas keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda Seyfəl Həsənov Rəyasət Heyəti aparatının struktur bölmələrinin koordinasiyalı fəaliyyətinə xüsusi diqqət ayrıldığını, ayrı-ayrı istiqamətlər üzrə müzakirələr məqsədilə belə tədbirlərin müntəzəm keçiriləcəyini diqqətə çatdırıb. O, elmin müasir istiqamətlərinin inkişafında beynəlxalq əlaqələrin əhəmiyyətini vurğulayıb.
AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayevaya beynəlxalq əlaqələr üzrə perspektivlər, mövcud vəziyyət, problemlər və onların həlli yollarına dair təqdimatla çıxış edib. O, Avropa Komissiyasının “Horizon 2020” proqramı və digər beynəlxalq layihələrdə Azərbaycan alimlərinin iştirakı və mövcud problemlər haqqında ətraflı məlumat verib. Alim tədqiqat və innovasiya ekosisteminin inkişafında beynəlxalq layihələrin əhəmiyyətinə toxunub və bu istiqamətdə dünyanın qabaqcıl elm və təhsil müəssisələrinin təcrübəsini diqqətə çatdırıb. Məruzəçi alimlərin beynəlxalq elmi şəbəkələrə və proqramlara qoşulması imkanlarının genişləndirilməsi məqsədilə AMEA tərəfindən Türkiyə, İtaliya, Bolqarıstan, Belarus kimi ölkələrin aparıcı elmi qurumları ilə birlikdə həyata keçirdiyi ikitərəfli layihə müsabiqələri və akademiyanın elmi müəssisələrinin bu müsabiqələrdə iştirakı üzrə statistik məlumatları da təqdim edib. E.Əlirzayeva, həmçinin yeni “Horizon Europe” proqramı, onun geniş spektrli elmi istiqamətləri və maliyyə mexanizmləri haqqında danışıb.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev Azərbaycanın elmi müəssisələrinin beynəlxalq elmi reytinq cədvəlində yüksək pillələrdə yer ala bilməsi üçün beynəlxalq proqramların imkanlarından istifadənin vacibliyini vurğulayıb. Akademik bu məqsədlə AMEA-nın institutlarında xüsusi yanaşmaların işlənib hazırlanması istiqamətində tövsiyələrini verib.
AMEA-nın akademik-katibi akademik Arif Həşimov isə Azərbaycan alimlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən söz açıb və belə əməkdaşlıqlar çərçivəsində əldə edilən nəticələrin tətbiqi üzrə strategiyaların hazırlanması məsələsinə diqqət ayırıb.
İclasda mövzu ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.