CƏMİYYƏT


Elmira Axundova: Minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam gözlənilən və çox xoş hadisədir

Bakı, 9 fevral, AZƏRTAC

Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri üçün gözlənilən və çox xoş hadisədir.

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.

Elmira Axundova deyib: “Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu məsələni komitələrin və hökumətin iclaslarında qaldıraraq, deyirdi ki, minimum əməkhaqqını heç olmasa yaşayış minimumuna uyğun səviyyəyə çatdırmaq lazımdır. İş burasındadır ki, Azərbaycan Avropa Sosial Xartiyasına üzv olub. Bu Xartiyanın vəzifələrindən biri minimum aylıq əməkhaqqını yaşayış minimumuna uyğunlaşdırmaqdır. Bütün Avropa ölkələrində olduğu kimi, bizdə də minimum aylıq əməkhaqqının 2020-ci ilə qədər artırılaraq yaşayış minimumu səviyyəsinə çatdırılması gözlənilirdi. Bu il Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulmuşdu, minimum aylıq əməkhaqqı isə cəmi 130 manat idi. Biz təklif etmişdik ki, hökumət minimum əməkhaqqını 145-150 manata qədər artırsın. Gözləyirdik ki, bu iş mərhələli şəkildə görüləcək. Lakin Prezident İlham Əliyev qətiyyətli addım ataraq minimum aylıq əməkhaqqını birdən-birə 38 faiz artırdı və beləliklə, onu yaşayış minimumuna tamamilə uyğunlaşdırdı. İndi bizdə bu məsələdə heç bir uyğunsuzluq yoxdur.

İndi Azərbaycanda yaşayış minimumu da 180 manat, minimum aylıq əməkhaqqı da 180 manatdır. Bu, çox qətiyyətli, inqilabi addımdır. Sərəncam dövlət sektorunda 450 min nəfərə və özəl sektorda 150 min nəfərə, yəni cəmi 600 min nəfərə şamil ediləcək. Dəyişikliklər çox adama – tibb bacılarına, tibb işçilərinə, müəllimlərə və başqalarına aid olacaq.

Daha bir sanballı rəqəm – Prezidentin bu Sərəncamının reallaşdırılması üçün cari ildə 350 milyon manat ayrılacaq. Bu məbləğ martın 1-dən ayrılacaq. Gələn il yanvarın 1-dən etibarən daha 450 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur”.

Deputat qeyd edib ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri bu Sərəncama görə daha çox sevinirlər, çünki bu məsələ həmin Komitə tərəfindən qaldırılıb.

Elmira Axundova sonda deyib: “Biz bu məsələni dəfələrlə hökumətin qarşısında qaldırmışıq. Biz xoşbəxtik ki, Azərbaycan Prezidenti deputatların səsini, ictimaiyyətin, xalqın səsini eşidir və ən başlıcası o, zəruri ehtiyatları tapır. Bizim iqtisadiyyatımız, büdcəmiz o qədər sabit səviyyədədir ki, biz bu cür böyük sosial xərcləri özümüzə rəva bilirik. Prezidentin dünənki Sərəncamı öz əhəmiyyətinə görə bir neçə il bundan əvvəl minimal pensiyaların 40 faiz artırıldığı pensiya islahatı ilə müqayisə edilə bilər. Mən bu Sərəncamı pensiya sistemində islahatla müqayisə edərdim. Bu, həqiqətən çox böyük addımdır. Ona görə ki, minimum əməkhaqqı birdən-birə 50 manat artırılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.