ELM VƏ TƏHSİL


Elmlə təhsilin inteqrasiyası bu sahənin vahid platformada inkişafını təmin edəcək

Bakı, 1 avqust, AZƏRTAC

Elmlə təhsilin inteqrasiyası məsələsi elmin formalaşma və inkişafının bütün dönəmlərində aktual olmaqla ölkə cəmiyyətlərinin dayanıqlı və sağlam iqtisadi-sosial əsasda təşəkkülü cəhətdən əhəmiyyət kəsb edən məsələlərdəndir. Cəmiyyətlərin sosiallaşma və ya iqtisadi yetkinliyinin daha çox dərəcədə artırılması tələblərindən asılı olaraq bu iki sahənin inkişafı ya müstəqil şəkildə ayrılıqda, yaxud da daha sıx inteqrasiya formasında təmin edilə bilər. Belə ki, cəmiyyətlərin sosiallaşma və iqtisadi yetkinliyinin artırılması istiqamətlərində onların qarşılıqlı əlaqədə, yaxud da ayrıca inkişaf etdirilməsi tələblərindən asılı olaraq, hər bir ölkə çərçivəsində elm və təhsilin müstəqil sahələr olaraq, yaxud müəyyən dərəcədə və ya tam inteqrasiyası şəklində fəaliyyəti gerçəkləşdirilir. Bu nöqteyi-nəzərdən, ölkəmizdə də elmlə təhsilin inteqrasiyası davamlı olaraq gündəmdədir. Cəmiyyətin vahid orqanizm olaraq (ciddi strukturlaşmış) təşəkkül tapdığı hazırkı zamanda ölkənin sosial-iqtisadi inkişafına əsaslı təkan verilməsi üçün bu amil dövlət hakimiyyəti tərəfindən vacib önəm verilmə dərəcəsində tam dəstəklənir.

Bu fikirləri AZƏRTAC-a Neft və Qaz İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov deyib. O bildirib ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası həm elmin, həm təhsilin vahid platformada inkişafını təmin etməklə, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafında, eləcə də cəmiyyətin hərtərəfli harmonik inkişafında müstəsna rol oynayacaq.

“İqtisadiyyatın inkişafı ayrı-ayrı sənaye sahələrinin müstəqil və ya qarşılıqlı əlaqəli inkişaf dərəcəsindən sıx surətdə asılı olur. Lakin bu inkişafı təmin edən amillər, bir tərəfdən, artıq əldə edilmiş elmi nəticələrin bu sahələrin formalaşması və fəaliyyətinə vaxtlı-vaxtında tətbiq edilməsi, digər tərəfdən isə bu formalaşma və fəaliyyəti şərtləndirən elmi-təcrübi səciyyəli məsələlərin operativ əsasda müəyyən edilməklə elmi tədqiqata cəlb edilməsi ilə bağlı olaraq özünü göstərir. Bu halda elmtutumlu sənaye sahələrinin inkişafı ilə yanaşı, bu inkişafı şərtləndirən savadlı və qabiliyyətli insan kapitalının formalaşmasına olan tələbləri də yaddan çıxarmaq olmaz. Məhz nəzərdə tutulan tam inteqrasiya prosesinin gerçəkləşməsi nəticəsində sadalanan məsələlərin vahid platformada elmi-nəzəri və elmi-təcrübi əsasda həllinə nail olmaq mümkün olacaq”, - deyə Bünyad Kazımov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.