MƏDƏNİYYƏT
Elnur Əliyev: Azərbaycan bu gün dünya səviyyəsində cəlbedici turizm istiqaməti kimi qəbul edilib
Əbu-Dabi, 24 aprel, AZƏRTAC
“Dubayda keçirilən illik “ArabianTravelMarket” beynəlxalq sərgisi turizm sahəsində ən nüfuzlu tədbir sayılır. Burada dünyanın hər yerindən müxtəlif ölkələrin nümayəndələri iştirak edirlər”, - deyə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ticarət nümayəndəsi Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu nüfuzlu sərgidə iştirakının vacibliyi danılmazdır. Sərgidə Azərbaycan stendi yüksək səviyyədə təşkil olunub və ziyarətçilərin hamısının diqqətini cəlb edir. Elnur Əliyev sərginin açılışının elə ilk günü Azərbaycan pavilyonuna olan böyük marağı xüsusilə vurğulayıb. Bildirib ki, Azərbaycanın 50-dən çox turizm şirkətinin və otellərinin nümayəndələri hər an görüşlər keçirir, çoxsaylı tərəfdaşlar və ziyarətçilərlə ünsiyyət qurur, onları Azərbaycan haqqında, ölkəmizin tarixi, zəngin mədəniyyəti və irsi, həmçinin böyük turizm potensialı barədə məlumatlandırırlar.
E.Əliyevin fikrincə, Azərbaycan bu gün Avrasiya qitəsində dünya səviyyəsində yeni cəlbedici turizm istiqaməti kimi tanınır və qəbul edilir. Bizim stendə olan böyük maraq bunun növbəti təsdiqidir. O deyib: “Ölkəmizə gələn əcnəbi qonaqlar burada yaradılan infrastrukturu, bütün sahələrdə tərəqqini, nadir arxitekturanı, ölkənin qədim tarixi və zəngin çoxəsrlik mədəniyyətini, həmçinin sabitliyi və təhlükəsizliyi, ölkəmizdə rahat vaxt keçirmələrini yüksək qiymətləndirirlər. Şübhəsiz, turizmin inkişafı Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafına dair uzaqgörən və müdrik strategiyası ilə bağlıdır. Bu gün Azərbaycan özünü təsdiq edən zəngin və güclü dövlətdir. Bu dövlətin başlıca sərvəti azərbaycanlılardır”.
“Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi kimi mən ölkəmizə gələn insanlardan xeyli müsbət rəy alıram və bu, çox sevindirici haldır. Azərbaycan hökuməti turizmi nəinki dinamik inkişaf etdirir, həm də ölkə iqtisadiyyatına əlavə investisiyaların cəlb edilməsində zəruri addım kimi bu sahənin hərtərəfli inkişafına diqqət yetirir ki, bu da çox mühüm amildir. Demək kifayət edər ki, son 2 ildə BƏƏ-dən turist axını 30 dəfədən çox artıb, ötən il bu rəqəm 110 min turist təşkil edib və bu, çox gözəl göstəricidir”, - deyə Elnur Əliyev sonda bildirib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi