MƏDƏNİYYƏT
Elnur Əliyev: Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var
Bakı, 23 noyabr, AZƏRTAC
Prezidentin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Mədəniyyət Nazirliyi bir sıra tədbirlər keçirir. Növbəti tədbirimiz “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu olacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək Forum noyabrın 24-dən 26-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Forumla bağlı brifinqdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
Bildirilib ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.
E. Əliyevin sözlərinə görə, Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.
“Mədəniyyət Nazirliyi dünyanın tanınmış elm ocaqları, mədəniyyət mərkəziləri ilə sıx əlaqələr qurub. Məqsədimiz Azərbaycan mədəniyyətini, incəsənətini dünyaya tanıtmaqla yanaşı, Nizami Gəncəvinin multikultural fikirlərini geniş auditoriyalara çatdırmaqdır. Ümid edirik ki, sülhsevər dünya, eləcə də qonşu ölkələr bizim çağırışlarımıza səs verəcək və bu, bölgədə sülhün yaranmasında töhfə olacaq”,- deyə Elnur Əliyev əlavə edib.