MƏDƏNİYYƏT
Elnur Əliyev: Nizaminin “Xəmsə”sini oxuyan hər bir şəxs onun fəlsəfəsini daha dərindən anlayacaq
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanlılar üçün Nizami Gəncəvinin şəxsiyyəti, yaradıcılığı xüsusi önəm daşıyır. Nizami haqqında danışarkən nə üçün onu bu qədər vurğulamağımız sualı yarana bilər. Hər bir əsrdə hamıdan fərqlənən bir ədib yetişir. Nizami Gəncəvi də öz dövrünün şəxsiyyətlərindəndir.
Bu sözləri mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində keçirilən “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusuna həsr olunmuş panel iclasda deyib.
“Nizami əsərlərində bütün fikrini cəmiyyətə, insanlar arasında münasibətlərin tənzimləməsinə yönəldib. O, insan cəmiyyətinə ensiklopedik formada yanaşıb və onun həlli yollarını göstərib. Elə bir məsələ yoxdur ki, Nizami əsərlərində ona toxunmasın. Azərbaycanda multikultural bir cəmiyyətin yetişməsində, şübhəsiz, Nizami Gəncəvinin rolu var. Gəncədən çıxmayan Nizami Gəncəvinin əsərlərinə diqqət yetirsək, orada böyük coğrafiyanı əhatə etdiyini görərik. “İskəndərnamə” poemasında, yaşadığı yerdən uzaq bir məmləkətdə bir padşahı özünə obraz seçməsi və onu ideal bir hökmdara çevirməsi, yaxud da hərəsi bir milləti təmsil edən “Yeddi gözəl” əsəri… Nizaminin “Xəmsə”sini oxuyan şəxs onun fəlsəfəsini daha dərindən anlayacaq. Onun XII əsrdə əsərlərində yaratdığı humanizm ideyaları Avropada neçə-neçə əsrlərdən sonra yaranıb. Bu mənada Azərbaycan bir çox inkişaf etmiş ölkələrə bir nümunə ola bilər”, - deyə E.Əliyev vurğulayıb.