ELM VƏ TƏHSİL
Elnur Əliyev: Regionlarda təhsildən yayınma halları azalıb

Bakı, 5 iyun, AZƏRTAC
Ötən ilin oktyabrından etibarən regionlarda ümumtəhsil məktəblərində hər ay təhsildən yayınma ilə bağlı hesabatlar toplanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, regionlarda təhsildən yayınma hallarının səbəblərindən biri əhalinin kənd təsərrüfatı ilə məşğul olmasıdır: “Yaşayış yerini dəyişdikdə məktəbin yaxın olmadığı deyilir. Çalışırıq ki, bu halları aşkarlayıb, valideynlərin maarifləndirilməsi ilə məşğul olaq. Təəssüf ki, bəzi valideynlər uşaqların dördüncü sinfə qədər təhsil alması ilə kifayətlənirlər. Bu istiqamətdə regional təhsil idarələri sıx iş aparırlar. Görülən işlərin nəticəsində təhsildən yayınma halları geniş şəkildə azalıb”.