İDMAN


Elnur Amanov: Bu il hədəfimiz beynəlxalq turnirlərdə “Paris-2024”ə lisenziya xalları toplamaqdır

Olimpiya reytinq cədvəlində ilk altılığa düşəcək idmançılar Olimpiadaya vəsiqə qazanacaqlar

Bakı, 4 fevral, AZƏRTAC

Lisenziya xarakterli, reytinq xalları qazandıran böyük beynəlxalq səviyyəli yarışlara, xüsusilə də dünya çempionatına hazırlaşırıq. Bundan başqa, ölkə xaricində keçirilən bəzi turnirlər idmançılarımıza xal qazandırır. Taekvondo üzrə hər il dörd Qran-Pri yarışı olur. Bu ilin final Qran-Pri yarışı isə dekabrda olacaq. Hədəfimiz taekvondo idman növü üzrə keçirilən həmin yarışlara qatılaraq mükafata sahib olmaq, həmçinin növbəti “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları toplamaqdır. “Paris-2024” Olimpiadasında daha çox taekvondoçumuzun iştirakı üçün çalışacağıq ki, idmançılarımız Qran-Pri yarışlarında aktivlərinə mümkün qədər çox xal əlavə etsinlər.

 

Bu barədə AZƏRTAC-a müsahibəsində kişilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Elnur Amanov deyib.

Əməkdar məşqçinin sözlərinə görə, komandaların məşqləri plana uyğun gedir və yarışa ciddi hazırlıqlar davam edir: “Biz məşqçilər gənc və perspektivli idmançıları da yığmaya cəlb etməyə çalışırıq ki, dünya çempionatında daha çox kişi və qadın idmançı ilə təmsil olunaq. Böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə milli komandalara da xüsusi diqqət yetirilir. Aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun gələcəyidir. Yeniyetmələrdən ibarət yığma komandanın da təlim-məşqlərinə start verilib. Məşqlərin ilk günündə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, baş katib Həmiddiyə Məmmədov idmançılarla görüşərək onlara uğurlar arzulayıb”.

Ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımızın böyük yaş qruplarında da uğurlarını davam etdirəcəyini vurğulayan Elnur Amanov bildirib: “Gənclərdən ibarət yığma komandamızın heyətində dünya birinciliyinin qalibi olmuş, eyni zamanda, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında üçüncü yeri tutmuş taekvondoçumuz Cavad Ağayev perspektivli idmançılardandır. O, respublika çempionatlarında da birinci yerə çıxıb. Bundan əlavə, fəxri kürsüdə mükafatçılar sırasında yer almaq, yığmanın üzvü olmaq üçün gənc və istedadlı idmançılar da Azərbaycan birinciliyində fəal mübarizə aparırdılar. Bir neçə taekvondoçu gənclər yığmasından böyüklərdən ibarət milliyə dəvət olunublar. Bəziləri üçün beynəlxalq turnirlər böyüklər arasında ilk beynəlxalq yarış olacaq.

Məşqlər və yarış fərqlidir. Odur ki, biri-iki turnirdən sonra hansı taekvondoçuların perspektivli olduğunu görmək mümkün olacaq. Turnirlərdən sonra bu il və sonrakı illər üçün ümidverici olan idmançıları seçəcəyik. Ən güclü taekvondoçularla dünya çempionatında iştirak edəcəyik. Azərbaycanın Dövlət Himnini səsləndirmək və bayrağımızı yüksəklərə qaldırmaq üçün çalışacağıq. Yenə də qələbələrimizlə xalqımıza sevinc yaşadacağımıza inanıram”.

Bakıda keçiriləcək dünya çempionatına və 2024-cü ildə baş tutacaq Paris Yay Olimpiya Oyunlarına yığmanın üzvlərinin hazırlığından söz açan 46 yaşlı mütəxəssis qeyd edib ki, taekvondo qaydalarına görə, “Paris-2024”dək hesablarına yığdıqları reytinq xalları sayəsində cədvəldə ilk altılıqda yer alacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar: “Hazırda Azərbaycan milli komandasının üzvləri Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə son reytinq cədvəlində ön sıralarda qərarlaşıblar. Gənc idmançılarımız olan Cavad Ağayev və Həşim Məhəmmədovun dünya və olimpiya reytinqləri yüksəkdir. Taekvondo üzrə Olimpiya reytinqində 183 xalı olan Cavad Ağayev (68 kq) 10-cudur. Dünya reytinqində 141 xala malik olan idmançımız 14-cü yerdə qərarlaşıb. Aktivində 130 xalı olan Həşim Məhəmmədov (58 kq) olimpiya reytinqində 22-cidir. Dünya reytinqində isə 129 xala malik olan idmançımız 9-cudur. Bu nailiyyətlər planetin ən mötəbər idman tədbirində daha çox idmançımızın iştirak etməsi imkanlarını artırır”.

Məşqçi əlavə edib ki, Olimpiadada birbaşa iştirak üçün olimpiya reytinqində ilk altılıqda qərarlaşmaq lazımdır. Bu il əsas yarışlar olan mundial və Qran-prilər ən yüksək xal verən turnirlər olacaq. Odur ki, bu yarışlar yığmanın üzvləri üçün çox böyük önəm kəsb edir. Bu yarışlarda idmançılarımız nə qədər çox xal yığa bilsələr, bir o qədər onların Olimpiya reytinqində ilk altlığı düşmək şansları olacaq. Lisenziya xallarını artırmaq üçün taekvondoçularımız üzərilərində fəal çalışmalı və digər beynəlxalq yarışlarda da, o cümlədən Qran-prilərdə uğur qazanmağa səy göstərməlidirlər. Çünki müxtəlif ölkələrin idmançıları bir-biri ilə rəqabət aparır və reytinq cədvəlində taekvondoçular arasındakı xal fərqi azdır. Yarışlarda mükafatçılar sırasında yer alan idmançılar xal hesabına reytinq siyahısında rəqiblərindən önə keçə bilirlər. Yığmanın idmançıları arasında Avropa, dünya çempionu və ya olimpiada qalib ola biləcək Cavad Ağayev və Həşim Məhəmmədov, qadınlardan Fəridə Əzizova, Patimat Abakarova, Minayə Əkbərova kimi perspektivli idmançılar var və onlardan nəticələr gözləyirik.

Ümumiyyətlə, reytinq xallarının artırılması üçün Qran-Pri yarışlarında iştirak etmək çox böyük əhəmiyyət kəsb edir. “Digər turnirlərdən fərqli olaraq Qran-prilər və dünya çempionatı ən çox xal verən yarışlardır. Polşada keçiriləcək Avropa Oyunları da xal qazandırır, amma mundial kimi çox xal vermir. Belə ki, Qran-prilərin qalibləri aktivinə 60 xal yazdıracaq. Dünya çempionları isə hesablarına ən yüksək - 140 xal əlavə edərək reytinq göstəricilərini artıracaq və onların Olimpiadaya lisenziya qazanmaq imkanları çoxalacaq, - deyə E.Amanov fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, 2022-ci il Azərbaycan taekvondoçuları və parataekvondoçuları üçün uğurlu alınıb. 22 beynəlxalq yarışda iştirak edən milli komandalar 101 medal qazanıb. Təmsilçilərimiz 27 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq 25 gümüş və 49 bürünc mükafata sahib olublar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.