İDMAN


Elnur Əşrəfoğlu: İnanırıq ki, cüdoçularımız Bakıda keçiriləcək Olimpiya Festivalında göstərilən etimadı doğruldacaqlar

Bakı, 15 iyul, AZƏRTAC

Cüdo üzrə Azərbaycan millisi dünyanın ən güclü komandalarından biri hesab olunur. Rövnəq Abdullayevin Azərbaycan Cüdo Federasiyasına prezident seçilməsindən sonra bu sahədə baş verən dəyişiklik və irəliləyiş göz önündədir. Dünyada cüdo üzrə ilk beşliyə daxil olmaq ötən illər ərzində bu idman növünün inkişafı istiqamətində görülən işlərin bəhrəsidir.

Bu fikirləri Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Federasiya rəsmisi bir neçə gündən sonra Bakıda baş tutacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdoçularımızın da iştirak edəcəklərini bildirib. Qeyd edib ki, gənc cüdoçular yaxşı formadadırlar və federasiya rəhbərliyi onların bu nüfuzlu yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edəcəklərinə əmindirlər: “Bu yarışlarda Azərbaycanı 12 cüdoçu - 8 oğlan və 4 qız təmsil edəcək. Yeniyetmə cüdoçularımız bu yaxınlarda Polşada Avropa çempionatında 1 qızıl və 3 bürünc medal qazanıblar. Komandamız hazırda Bakıda təlim-məşq toplanışındadır. Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də yeniyetmə cüdoçularımıza daha çox diqqət ayrılması və regionlardan ən perspektivli idmançıların üzə çıxarılmasıdır. Bu gün Federasiya tərəfindən bölgələrdə cüdonun inkişafı üçün səmərəli işlər aparılır. Respublikamızın demək olar ki, bütün regionlarında cüdo zalları açılıb, yerli məşqçilər, mütəxəssislər işlə təmin olunub, gənc cüdoçulara cüdoqilər verilib, cüdo mərkəzləri tatamilərlə təmin edilib. Bunun nəticəsidir ki, son vaxtlar yeniyetmələr arasında keçirilən respublika birinciliklərində bölgə idmançıları da fərqlənirlər. Yeniyetmələrin sonuncu Avropa birinciliyində qızıl medal qazanan Turan Bayramov Gəncə Cüdo Məktəbinin yetirməsidir.

Bu gün millimizin heyətində yeniyetmələrin Olimpiya, Avropa çempionu, qitə çempionatının mükafatçıları var. İnanırıq ki, cüdoçularımız Bakıda keçiriləcək Olimpiya Festivalında onlara göstərilən etimadı doğruldacaqlar.

Federasiya rəsmisi komandamızın ötən ay Minskdə keçirilmiş ikinci Avropa Oyunlarında əldə etdiyi nəticələr barədə danışaraq deyib: “Azərbaycan cüdoçuları ikinci Avropa Oyunlarında 1 gümüş və 4 bürünc medal qazandılar. Kişi cüdoçularımızın 49 ölkə arasında medalların sayına görə üçüncü yeri tutması əlbəttə yaxşı nəticə hesab olunur. Demək olar ki, hər həftə cüdo üzrə müxtəlif beynəlxalq yarışlar, Qran-prilər, “Böyük Dəbilqə” kimi nüfuzlu yarışlar keçirilir və Azərbaycan cüdoçuları bu turnirlərdən Vətənə dəfələrlə qızıl medallarla qayıdırlar. Minskdə keçirilən ikinci Avropa Oyunlarına da milli komandamızın hazırlıq prosesinə Azərbaycan Cüdo Federasiyası ən yüksək səviyyədə diqqət göstərib. Cüdoçularımız üçün Yaponiya, Avropa ölkələri və Bakıdakı təlim-məşq toplanışlarında hər cür şərait yaradılıb. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov əvvəlki yarışlarda olduğu kimi, Minskdə də daim idmançılarımızın yanında oldu, onların problemlərinə böyük məsuliyyət hissi və həssaslıqla yanaşaraq öz potensiallarından maksimum istifadə etmələri üçün böyük səy göstərdi. Komandamızın qızıl medal qazanaraq Azərbaycan himninin səsləndirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdü. Əlbəttə, cüdo komandamızın bu nüfuzlu yarışı qızıl medalsız başa vurması federasiya rəhbərliyini qane edə bilməz. Bunu millimizin üzvləri, məşqçilər heyəti də çox yaxşı bilir. II Avropa Oyunları cüdoda həm də Avropa çempionatı statusunu daşıyırdı. Qitə çempionatı Olimpiya Oyunlarına reytinq xalları verdiyindən Avropanın ən güclü cüdoçuları bu Oyunlarda iştirak edirdilər və təbii ki, medallar uğrunda gərgin mübarizə gedirdi. Qalib və mükafatçılara həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim edildi. Yetmiş üç kiloqram çəki dərəcəsində yarışan hər iki cüdoçumuz - Rüstəm Orucov və Hidayət Heydərov ötən il Avropa çempionu olan erməni rəqiblərinə qalib gəldilər”.

Elnur Əşrəfoğlu cüdoçularımızı qarşıda gözləyən yarışlardan da danışıb: “Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün cüdoçu dörd il ərzində yarışlarda sabit çıxış edib reytinq xalı toplamalıdır. Olimpiya reytinqində yalnız ilk 18-likdə yer alan idmançı Olimpiadada çıxış etmək hüququ qazanacaq.

Hər həftə dünyanın müxtəlif ölkələrində beynəlxalq cüdo yarışları keçirilir və idmançılarımız bunların əksəriyyətində iştirak edirlər. Hazırda cüdoçularımız Macarıstanda Qran-Pri turnirində mübarizə aparırlar. Bu ayın sonunda isə Xorvatiyada Qran-Pri turnirində güclərini sınayacaqlar. Zaqreb turnirindən sonra milli komandamız Hollandiyada beynəlxalq təlim-məşq toplantısında olacaq. Avqustun sonunda Yaponiyanın paytaxtı Tokioda dünya çempionatı keçiriləcək. Mundial Olimpiadaya daha çox lisenziya xalları verdiyinə görə orada medallar uğrunda mübarizə çox gərgin olacaq. Əminik ki, cüdoçularımız potensiallarından maksimum istifadə edib “Tokio 2020”yə lisenziya əldə edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.