İDMAN


Elnur Hidayətzadə: Avropa birinciliyində ölkəmizi layiqincə təmsil etmək üçün ciddi səy göstərəcəyik

Bakı, 26 iyun, AZƏRTAC

Stolüstü tennis üzrə komandamız iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlığını davam etdirir. Azərbaycan Stolüstü Tennis Federasiyası il ərzində müxtəlif yaş qrupları üzrə seçmə komandaların təlim-məşq toplanışlarını təşkil edir ki, bu da, beynəlxalq yarışlara lazımi hazırlıq üçün olduqca əhəmiyyətlidir. İdmançılarımız pandemiyadan sonra ilk dəfədir ki, belə bir mötəbər yarışa qatılacaq. Seçmə komandanın heyəti 13-14 yaşlı Azərbaycan çempionlarından təşkil olunub. Avropa birinciliyində isə, əsasən 15 yaşlılar qüvvələrini sınayacaqlar. Bu baxımdan idmançılarımızın özlərindən yaşca böyük rəqiblərlə qarşılaşacağını söyləmək olar. Bu heyət yalnız gələn il öz yaş qrupunda mübarizə aparacaq.

Bu fikirləri stolüstü tennis üzrə seçmə komandanın məşqçisi Elnur Hidayətzadə komandamızın Avropa birinciliyinə hazırlığı ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində bildirib. O, komandamızın təlim-məşq toplanışı, idmançıların hazırlıq səviyyəsi və qitə birinciliyindəki imkanları barədə də danışıb.

Məşqçi qeyd edib ki, yeniyetmə stolüstü tennisçilərimizin hazırlıq prosesinin növbəti mərhələsi bu gün Xaçmaz Olimpiya İdman Kompleksində yekunlaşıb: “10 gün Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirildi. Bu toplanışda idmançılarla əsasən texniki-taktiki hazırlıq üzərində iş apardıq. Nəticələrdən razıyam. Avropa birinciliyinə hazırlıqla bağlı son məşqlərimizi Bakida keçirəcəyik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. İdmançılarımız səbirsizliklə yarışa qatılacaqları günü gözləyirlər. Ümid edirəm ki, onlar etimadı layiqincə doğruldacaqlar”.

Elnur Hidayətzadə deyib ki, rəqibləri tanıyırlar. Oğlanların qrupunda ən güclü rəqiblərdən biri Avstriya komandasıdır. Bu komanda daim Avropa birinciliklərində yüksək nəticələr göstərib. Qizların yarışında isə İsveç komandasını xüsusi vurğulamaq olar. Bu kollektiv də müntəzəm olaraq mükafatçılar sırasında yer alıb. Məşqçi digər rəqiblərdən Sloveniya, Monteneqro və Yunanıstan seçmələrinin imkanlarını da qiymətləndirdiyini bildirib.

Məşqçi komandanın qitə birinciliyində şanslarından da danışıb: “Qitə birinciliyi həmişə çox gərgin mübarizə şəraitində keçir. Yəqin ki, bu dəfə də istisna olmayacaq. Belqrad sınaqları pandemiyadan sonra ilk böyük yarışlardan biridir və hər bir komanda bacarığını ortaya qoymağa çalışacaq. Biz də ölkəmizi layiqincə təmsil etmək üçün ciddi səy göstərəcəyik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.