SİYASƏT
Elnur İsmayıl: Azərbaycan və Türkiyə regional proseslərin idarə olunmasında həlledici gücə malikdir
Ankara, 27 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana səfəri həm iki qardaş ölkənin münasibətlərini, həm də bölgədə son dövrdə meydana gələn geosiyasi dəyişiklikləri yeni müstəviyə çıxardı. Yaranmış yeni vəziyyət sülh, mehriban qonşuluq və birgə əməkdaşlıq çağırışıdır. Bu çağırışlardan uzaq qalmaq dünyadan təcrid olunmaq deməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzinin (BİLGESAM) sədri Elnur İsmayıl ifadə edib.
İşğal altında olan ərazilərdə həyata keçirilən quruculuq və abadlıq işlərinin, eləcə də yeni nəqliyyat-logistika sisteminin formalaşmasının yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütünlükdə Avrasiya üçün əlverişli mühit yaratdığını diqqətə çatdıran alim deyib: “Türkiyə dövlətinin başçısının Azərbaycana səfərlərinin hər biri özündən əvvəlkiləri tamamlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti dəfə Qarabağa dəvət olunması, liderlərin birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında və digər mərasimlərdə iştirakı, mətbuat birgə bəyanatlarda səsləndirilən fikirlər bir daha bütün dünyaya göstərdi ki, iki qardaş ölkə regiondakı proseslərin idarə olunmasında həlledici gücə malikdir”.
BİLGESAM-ın sədri əminliklə bildirib ki, işğaldan azad olunan Azərbaycan ərazilərində yüksəksəviyyəli, beynəlxalq standartlara uyğun müasir həyat tərzinin qurulması bütün dünya üçün cəlbedici olacaq, bu da, ilk növbədə, bölgə xalqlarında sülh meyillərini artıracaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara